Ali Məhkəmədə “Emin 444” (Emin Səfərov) ləqəbli kriminal avtoritetin qətlində ittiham olunan mərhum Zaur Yusifov və Həsən Tağıyevin barəsindəki hökmdən verilən kassasiya şikayətinə baxılıb.
Pravda.az xəbər verir ki, hakim Rəşad Abdulovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.
Qeyd edək ki, Binəqədidə kriminal aləmin üzvü kimi tanınan Səfərov Emin Ehtiram oğlu (“Emin 444”) 2019-cu ilin mayında maşınında 78 bıçaq zərbəsi ilə öldürülüb. Onun qətli ilə bağlı cinayəti törədən Həsən Tağıyev və cinayəti törətməyə göstəriş verməkdə təqsirli bilinən Zaur Yusifov saxlanılıblar. Uzun çəkişmələrdən sonra Bakı Ağır Cinayətlər Məhkəməsi Z.Yusifova bəraət verib. Həsən isə 18 il müddətinə azadlıqdan məhrum edilib.
Hökmdən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti verib. Bakı Apellyasiya Məhkəməsi protesti təmin edib. Zaur Yusifov barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilib. O, azadlığa çıxdıqdan sonra öldüyü üçün cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilib. Ali Məhkəmədə isə qərar dəyişdirilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılıb.
Tanınmış idmançı, dünya çempionu Zaur Yusifovun ölümünə gəlincə, onu “Emin 444”ün xalası oğlu Samir Şirəliyev 2022-ci il martın 14-ü saat 21 radələrində Binəqədi rayonu ərazisində yerləşən marketlərdən birində qisas məqsədilə “Vinçester” markalı silahla güllələyərək qətlə yetirib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Samir Şirəliyev 18 il müddətinə azadlıqdan məhrum edilib.
www.102info.az