Biləsuvarda keçirilən əməliyyatlar zamanı 18 kiloqram narkotik və silah-sursat aşkarlanıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri ardıcıl əməliyyat tədbirləri ilə İranda yaşayan narkotacir vasitəsilə əldə etdikləri külli miqdarda müxtəlif növ güclü təsiredici xassəyə malik narkotik vasitələri paytaxt ərazisinə gətirmək istəyən və qanunsuz olaraq silah-sursat saxlamaqda şübhəli bilinən şəxslər saxlanılıblar.
Belə ki, şöbə əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri tədbir zamanı Bakı şəhər sakini Elvin Süleymanov Biləsuvar rayonu ərazisində saxlanılıb. Ona məxsus idman çantasından 18 kiloqram, o cümlədən beş kiloqram heroin, dörd kiloqram metamfetamin, altı kiloqram tiryək, iki kiloqram marixuana və bir kiloqram həşiş qatranı aşkar edilərək götürülüb. Araşdırma zamanı saxlanılan şəxsin narkotik vasitələri satmaq məqsədi ilə Bakı şəhərinə apardığı müəyyən edilib.
Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri digər əməliyyat tədbiri zamanı qanunsuz olaraq narkotik vasitə və odlu silah-sursat saxlamaqda şübhəli bilinən rayon sakini Asif Mayılov saxlanılıb. Ondan narkotik vasitə olan heroin, bir ədəd “AK-74” markalı avtomat, iki ədəd daraq və 30 ədəd patron aşkar olunaraq götürülüb.
Qeyd edək ki, şöbə əməkdaşları tərəfindən son bir ay ərzində keçirilən əməliyyatlar nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən ümumilikdə 19 nəfər saxlanılaraq məsuliyyətə cəlb olunub.
www.102info.az