Zərərçəkən: “Könül DTX zabiti olduğunu, xüsusi tapşırıqla həbsə salındığını demişdi”

Kriminal


Aprelin 10-da Bakı Ağır Cinayətlər Məhkəməsində özünü DTX əməkdaşı kimi tanıdaraq dələduzluq etmiş 1982-ci il təvəllüdlü Könül Abbasovanın məhkəməsi başa çatıb.

“Qafqazinfo” xəbər verir ki, Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4, 310 və 32.4-312.2-ci (Təkrar və xeyli miqdarda ziyan vurmaqla dələduzluq, vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə, rüşvət verməyə təhrik) maddələri ilə təqsirləndirilən K.Abbasovaya hökm oxunub.

Məhkəmə prosesində məlum olub ki, əvvəllər dələduzluq etdiyinə görə məhkum edilən və qadınlar üçün nəzərdə tutulmuş cəzaçəkmə müəssisəsində cəza çəkən Könül orada özünü DTX zabiti kimi tanıdıb.

Daha sonra azadlığa çıxan qadın həbsxanada tanış olduğu qadını aldadaraq külli miqdarda pulunu ələ keçirib. Belə ki, o:

– Özgə əmlakını ələ keçirmək məqsədi ilə rəfiqəsi Aynura (şərti) özünü DTX-nin kapitan rütbəli əməkdaşı kimi təqdim etməklə, həmin qurumda yüksək vəzifələrdə işləyən şəxslərlə guya yaxın əlaqələrinin olmasını, müəyyən pul müqabilində istənilən şəxsi dövlət qurumlarına işə düzəldə biləcəyini mütəmadi şəkildə bildirib. Bu yolla o, Rusiyanın Azərbaycandakı səfirliyində işləyən Nataşa adlı şəxslə guya yaxın münasibətinin olduğunu, həmin əlaqələrindən istifadə edərək aylıq 3 min manatlıq əməkhaqqı olan işə onun vasitəsilə düzəldəcəyinə əmin edib. Bunun qarşılığında o, qarşı tərəfdən 10 min manat nağd pul və 36 330 manatlıq qızıl-zinət əşyaları alaraq Nataşaya rüşvət qismində verilməsinə təhrik edib.

– Bundan başqa K.Abbasova digər tanışını DTX-nin klinikasına diş həkimi kimi işə düzəldəcəyinə söz verərək 10 000 manat alaraq dələduzluq edib.

– Həmçinin K.Abbasovanın digər qadına əlillik dərəcəsi təyin edilməsini söz verərək 1000 manat alması da müəyyən edilib.

Məhkəmədə zərərçəkmiş şəxs qismində tanınan Aynur Əliyeva Könülü ilk dəfə cəzaçəkmə müəssisəsində gördüyünü deyib:

“2013-cü ildə 4 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən zaman onunla tanış olmuşam. Həmin vaxtdan aramızda mehriban münasibətlər yaranıb. Cəza çəkən zaman Könülə analıq etmişəm, əlimdən gələn köməkliyi göstərmişəm. Biz cəzaçəkmə müəssisəsində olduğumuz zaman Könül özünü mənə, eləcə də digər məhkumlara Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşı kimi təqdim etmişdi. Könül demişdi ki, guya xüsusi məqsəd üçün cəzaçəkmə müəssisəsinə yerləşdirilib. 2017-ci ildə Könül, 2018-ci ildə isə mən azadlığa çıxdım. Azadlığa çıxdıqdan sonra da münasibətlərimiz davam etdi. Könül tez-tez yaşadığımız evə gələrək bizdə qalıb. Elə həmin vaxt Könül mənə əgər lazım olarsa, oğlumu müəyyən pul müqabilində dövlət qurumlarının birində işə düzəltməyə kömək edə biləcəyini bildirmişdi. Mən məhkum olduğumdan oğlum dövlət orqanlarında işə düzələ bilmirdi, məhkumluğum oğlumun işə düzəlməsinə mane olurdu. Növbəti dəfə Könül oğlumu işə düzəltmək barədə köməyini təklif etdikdə onunla razılaşdım. Oğlum Muradı (şərti) pul müqabilində Rusiyanın Azərbaycandakı Səfirliyinə işə qəbul etdirəcəyinə köməklik göstərə biləcəyini, habelə Muradın aylıq 3 000 manat əməkhaqqı alacağını dedi. Könüllə razılaşaraq dəyəri 40 000 manatdan artıq olan qızıllarımı və 10 000 manat pulu ona verdim. 1-2 həftəyə oğlumun məsələsini həll edəcəyini bildirsə də, bizi aldatdı və vədinə əməl etmədi. Pulu və qızılları da qaytarmadı”.

Həbsdə olarkən özünü DTX zabiti kimi tanıdan Könül Abbasova 2017-ci ildə azadlığa çıxandan sonra dələduzluq əməllərinə davam edib. O, bir neçə il ərzində zərərçəkmişlərin etibarını qazanmaq məqsədi ilə onlarla daha yaxın münasibətlər qurub. Pulu onlardan 3-4 il ərzində, hissə-hissə alıb. Nəhayət, 2022-ci ildə edilən şikayətlərdən sonra haqqında cinayət işi açılıb və o, saxlanılıb.

Məhkəmədə ifadə verən digər zərərçəkmişlər də Könülü rəfiqələri Aynur vasitəsilə tanıdıqlarını, onun xüsusi formada olması səbəbindən inandıqlarını bildiriblər.

Təqsirləndirilən şəxs isə ona böhtan atıldığını deyib. Könül Abbasova bildirib ki, Aynur onu oğlu ilə evləndirmək istəyib. O, isə Aynurun oğlundan 10 yaş böyük olduğu üçün bununla razılaşmayıb:

“Aynurgil məni qısqandığı üçün həyat yoldaşıma əvvəllər məhkum olunduğumu dedilər və ailəmin dağılmasına səbəb oldular. Onların haqqımda dedikləri həqiqətə uyğun deyil”.

Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən proses aprelin 10-da başa çatıb və K.Abbasovaya bu dəfə 4 il 6 ay müddətinə həbs cəzası verilib.

Qeyd edək ki, K.Abbasova daha əvvəl də Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) maddəsi ilə ittiham olunub və məhkəmənin hökmü ilə 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Lakin daha sonra onun cəzası 4 il 6 aya endirilərək azadlığa buraxılıb.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir