Quba rayonunda gəlinini qətlə yetirməkdə təqsirli bilinən Rəhilə Əliyevanın cinayət işi üzrə təfərrüat məlum olub.
Ölkə.Az xəbər verir ki, hadisə rayonun Vəl-Vələ kəndində baş verib. Kənd sakini 50 yaşlı Rəhilə Əliyeva evində münaqişə zəminində gəlini Nazilə Ağarzayevanı kəmərlə boğaraq qətlə yetirib.
Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Rəhilə Əliyeva saxlanılıb.
Faktla bağlı rayon prokurorluğunda cinayət işi başlanılıb.
İş üzrə dindirilmiş Rəhilə Əliyeva ifadəsində bildirib ki, oğlu İlqar 2000-ci ildə Bakıda Nazilə ilə tanış olub evlənib. Gəlin onlarla yaşadığı dövrdə özünü qeyri-adi aparıb. Heç bir səbəb olmadan onunla, qızları və oğlu ilə dava edib ləyaqətlərini alçaldıb.
Bir neçə dəfə gəlini tərəfindən döyülən Rəhilə Əliyeva polis şöbəsinə şikayət ərizəsi ilə müraciət edib. Onun ərizəsində göstərdiyi hallar polis tərəfindən yoxlanılaraq Nazilə Ağarzayeva barəsində cinayət işi aparılıb və baxılması üçün rayon məhkəməsinə göndərilib. Məhkəmə Naziləni hər dəfə cərimə ilə cəzalandırıb.
Sentyabrın 8-də axşam saat 21 radələrində o, evdə olarkən Nazilə evə gəlib qapıya təpiklə vurub onun və qızlarının ünvanına söyüşlər söyərək yaşadığı otağın qapısının açarını istəyib. Rəhilə Əliyeva açarların onun özündə olduğunu deyib. Buna baxmayaraq, Ağarzayeva öz otağının qapısına da bir neçə dəfə təpiklə zərbələr vurub. Bunu görən Rəhilə gəlinindən qapını sındırmamağı xahiş etdikdə Nazilə təpiklə qarnından vuraraq onu pozğun küçə qadını adlandırıb.
Gəlininin davaya meyilli olmasını bilən Rəhilə ona cavab qaytarmayıb. Həyətə çıxdıqdan az sonra Nazilə yenə evə daxil olub və onun qızları ilə birlikdə pozğunluqla məşğul olduğunu deyib təhqir edib.
Nazilənin sonuncu sözlərinə dözə bilməyən Rəhilə Əliyeva əlləri ilə onun saçından tutub dartıb. Bir neçə dəfə bədəninin müxtəlif nahiyələrindən dişləyib və boğmağa başlayıb. Nazilə öz əl çantası və əlləri ilə onun başına və qarnına zərbələr vurub. Lakin artıq boğulduğundan özünü ayaq üstə saxlaya bilməyib və yerə yıxılıb.
Rəhilə gəlininin üstünə çıxıb onu boğmaqda davam edərkən Nazilənin çantasından bıçaq götürdüyünü görüb. Bu səbəbdən sol ayağının dizi ilə onun qolunu basıb yerə sıxıb.
Rəhilə Əliyeva ifadəsinin davamında bildirib ki, gəlininin öldüyündən əmin olduqdan sonra onun əynindəki paltarın belindəki kəməri açıb Nazilənin boğazına sarıyıb sıxıb. Bir neçə dəqiqə belə vəziyyətdə saxladıqdan sonra kəməri buraxıb və mərhumun üstündən qalxaraq həyətə çıxıb.
Rəhilə Əliyeva bildirib ki, təxminən 15 dəqiqə həyətdə dayanıb öz gələcəyini fikirləşib ağlayıb. Özünə gəldikdən sonra könüllü olaraq polisə getmək qərarına gəlib.
Məhkəmə prosesində Rəhilə Əliyeva ittiham üzrə özünü qismən təqsirli bilib.
Prosesdə zərərçəkmiş şəxsin və şahidlərin ifadələri dinlənilib.
Sonda məhkəmənin hökmü ilə Rəhilə Əliyeva 11 il 3 ay müddətinə azadlıqdan məhrum olunub.
www.102info.az