Bakıda yarım milyonluq qızıl oğurlayanlarla bağlı QƏRAR

Kriminal


Bakı Apellyasiya Məhkəməsində vaxtilə usta işlədiyi mənzildən yarım milyon manata yaxın qızıl-zinət əşyalarını oğurlamaqda təqsirləndirilən Babək Səmədov və Tacir Muradovun barəsindəki hökmdən verilən apellyasiya şikayətinə baxılıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İlqar Murquzovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, onların şikayəti təmin edilməyib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Tacir Muradov və Babək Səmədov hər biri beş il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, Babək Səmədov Yasamal rayonu, S.Dadaşov küçəsi, 523-cü məhəllədəki fərdi mənzillərdən birində 2017-20-ci illərdə təmir işləri aparıb. Həmin zaman mənzildə dəmir seyf olduğunu görüb, ev sahibinin mənzildə külli miqdarda pul saxladığını güman edib. Pulları ələ keçirmək barədə tanışı Tacirlə razılığa gəlib. Onlar cinayətkar niyyətlərini həyata keçirmək üçün bir neçə dəfə həmin ünvana gələrək kənardan müşahidə aparıblar. Oğurluq edəcəkləri vaxtı dəqiqləşdirdikdən sonra isə dəmir seyfi kəsmək üçün avtogen aparatı və digər əşyaları yaxınlıqdakı həyətlərdən birində yerləşdiriblər. 2022-ci il iyunun 30-da gecə saatlarında hasardan aşaraq həyətə keçiblər. Üçmərtəbəli evin qarajındakı pəncərənin dəmir barmaqlıqlarını linglə əydikdən sonra mənzilə daxil olublar. İkinci mərtəbədəki yataq otağında saxlanılan seyfi özləri ilə gətirdikləri avtogen aparatı ilə kəsiblər. Seyfin içərisində olan 4 min dollar pulu və 439 min manatlıq qızıl-zinət əşyalarını oğurlayıblar.

Zərərçəkmiş ifadəsində ona dəymiş ziyanın ödənildiyini, oğurlanan əşyaların hamısının geri qaytarıldığını, təqsirləndirilən şəxslərə qarşı şikayət və tələbinin olmadığını, barışdıqlarını göstərib.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir