Xəzər rayonu, Türkan qəsəbəsində torpaqların qanunsuz satılması, mənimsənilməsi və digər bu kimi əməllərlə bağlı daha iki nəfər məhkəmə qarşısına çıxarılıb.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsində qəsəbə bələdiyyəsinin keçmiş sədri Mehman Ağayev və torpaq alqı-satqısı ilə məşğul olan Qərib Nadirov barəsindəki işə baxılıb.
Cinayət Məcəlləsinin 178 (Dələduzluq) və 320-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə barəsində iş açılmış M.Ağayev sınaq müddəti təyin edilməklə şərti cəzaya məhkum edilib. O, məhkəmə zalından azadlığa buraxılıb. Qərib Nadirova isə 4 il 3 ay həbs cəzası verilib.
Qeyd edək ki, məlum torpaq qalmaqalı həyatda olan 2 qadının ölmüş şəxs kimi qeydiyyata alınaraq onların adına olan torpaqların mənimsənilməsi faktı üzə çıxdıqdan sonra yaranmışdı. Bundan sonra çoxsaylı digər qanunsuz əməllər də üzə çıxıb. Türkan qəsəbəsi və ətraf ərazilərdə daşınmaz əmlak alqı-satqısı ilə məşğul olan bir neçə nəfər, həmçinin qəsəbənin icra nümayəndəsi də daxil olmaqla müxtəlif şəxslər cinayət məsuliyyətinə cəlb edilib.
Xatırladaq ki, bu işlə bağlı tutulanlar qəsəbədə Əzizəxanım Atayeva və Xumara Şabanovanın sağ olduğu halda, onları ölmüş kimi rəsmiləşdirib dəniz sahilindəki torpaq sahələrini xəbərləri olmadan satmaqda təqsirləndirilirlər.
www.102info.az