Bakı şəhəri, Sabunçu rayonu 21 saylı Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi Rauf İsfəndiyarov barəsində qərar dəyişdirilib.
“Qaynarinfo”nun məlumatına görə, müğənni Dəniz Əsədovanın yarım milyon manatdan artıq pulunu mənimsəməkdə ittiham edilən baş həkim barəsində məhkəmə yeni qərar verib.
Belə ki, bu ilin fevral ayında barəsində istintaq müddəti üçün 3 aylıq həbs qətimkan tədbiri seçilən R.İsfəndiyarov Sabunçu Rayon Məhkəməsinin yeni qərarı ilə istintaq müddəti üçün ev dustaqlığına buraxılıb.
Cinayət işinin istintaqının isə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə verildiyi bildirilir.
Qeyd edək ki, müğənni Dəniz Əsədova Rauf İsfəndiyarovun ondan yarım milyon manatdan artıq pulu 2017-2018-ci illərdə aldığını deyib. Lakin baş həkim verdiyi vədə əməl etməyərək, pulları da öz şəxsi ehtiyaclarına xərcləyib.
Barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq – külli miqdarda ziyan vurmaqla) maddəsi ilə iş açılan baş həkimin müğənniyə vəd verərək 627 min manatlıq dələduzluq etdiyi bildirilir.
www.102info.az