Qətl törətməkdə təqsirləndirilən meyxanaçı Rəşad Dağlının (Əmirov) cinayət işi üzrə bu gün növbəti məhkəmə prosesi keçirilib.
Oxu.Az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərovanın sədrliyi ilə keçirilən prosesdə şahid qismində Rəşad Əmirovun (Dağlı) qardaşı Ağamalı Əmirov dindirilib.
Şahid A.Əmirov bildirib ki, qardaşı Rəşad hadisə günü gecə saat 3-4 radələrində ona zəng edib:
“Hadisə günü Rəşad zəng elədi ki, qapının önünə çıx. Mən də çıxdım. Mənə dedi ki, evdə gödəkçəm var, onu gətir. Əyni nazik idi, gödəkçəsi də su idi. Qalxıb gödəkçəni gətirəndə gördüm, Rəşad yoxdur. Zəng elədim, açmadı, narahat oldum. Çünki Rəşad nə olur-olsun, mənim telefonumu götürərdi. Götürə bilməsə də, mütləq geri dönüş edərdi. Avtomobilimə minib Yasamalda Rəşadı axtarmağa başladım. Bir neçə saat sonra Rəşad telefonla zəng elədi. Görüşdük, dedi, məni polisə təslim et. Səbəbini soruşdum, təfərrüatı danışmadı, şokdaydı. Dedi, İsgəndəri öldürmüşəm. Bir onu dedi ki, gözümü açanda İsgəndər qanın içindəydi. Başqa heç nə danışmadı, mən də soruşmadım, oturdu maşına, polisə getdik”.
Şahid qeyd edib ki, zərərçəkəni tanımır:
“Adını eşitmişəm. Bir də hadisədən bir müddət qabaq mənə zəng edib. Özünü İsgəndər kimi tanıtdı və meyxanaçı Ələkbər Yasamallının qohumuyam dedi. O, telefonda Rəşadla görüşmək istədiyini, vacib söhbətinin olduğunu dedi. Mən əvvəl ciddiyə almadım. Bir gün keçəndən sonra yenidən zəng elədi. Dedim, gəl səninlə mən görüşüm. Düşündüm, pula ehtiyacı var. Dedi, mütləq Rəşadla danışmalıyam, sonra gec olacaq. Mən İsgəndərin dediklərini Rəşada çatdırdım. Rəşad mənə “boş ver” dedi. Noyabrın 2-də yenidən İsgəndər mənə zəng etdi, götürmədim. Sonra mesaj yazdı, mən də bloka atdım”.
Şahid daha sonra hakim və vəkillərin suallarını cavab verib. O qeyd edib ki, qardaşı mülayim adam olub, heç zaman bıçaq gəzdirməyib.
Prosesdə daha sonra şahid Yaşar Abdullayev ifadə verib. Şahid qeyd edib ki, aksesuarlar satılan obyekti var:
“Rəşad müştərimiz olub. Hadisə günü dükana gəlib. Həmin vaxt satıcıdan aksesuar kimi bıçaq alıb. Sonra hadisə olandan sonra Rəşadın axşam mağazaya gəldiyini və bıçaq aldığını eşitmişəm”.
Prosesdə şahid qismində Azər Quliyev dindirilib. Şahid mərhum İsgəndər Mehdiyevin qohumu olduğunu deyib:
“İsgəndəri hadisədən bir müddət əvvəl məclisdə gördüm. Məndən konturumun olub-olmadığını soruşdu, dedim, var. Bir nömrəyə zəng elədi, götürən olmadı. Mən kimə zəng elədiyini soruşanda dedi ki, Rəşad Dağlıya zəng edir. Sonra dedi ki, Rəşada mesaj yaz ki, zəng edən İsgəndərdir. Mesajı yazandan bir neçə dəqiqə sonra Rəşad zəng elədi. İsgəndər danışanda dedi, biz görüşməliyik, telefon söhbəti deyil. Sonra sağollaşdılar. İsgəndər söhbətin nə olduğunu mənə demədi, mən də heç soruşmadım”.
Şahid vəkilin sualına cavab olaraq bildirib ki, İsgəndərin bıçaq kolleksiyası olub:
“Üstündə daim bıçaq gəzdirməyini bilmirəm. Amma evində müxtəlif növ bıçaqları vardı”.
İş üzrə daha iki nəfər şahid kimi dindirilməyə çağırılsa da, iştirak etməyib.
Hakim qeyd edib ki, şahidlərdən Xankişi Cəfərquliyev hərbi xidmətdədir. Rəşad Dağlının vəkili həmin şahidin də məhkəməyə gəlib dindirilməsini tələb edib.
Növbəti proses iyunun 9-na təyin edilib.
Xatırladaq ki, Rəşad Dağlı ötən il noyabrın 9-da Bakının Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində qonşusu – 1979-cu il təvəllüdlü İsgəndər Mehdiyevi maşınında bıçaqla qətlə yetirməkdə təqsirləndirilir. Hadisəni törədən meyxanaçı könüllü olaraq polisə təslim olub.
Onun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) və 228.4-cü (qanunsuz silah saxlama) maddələri ilə yekun ittiham irəli sürülüb.
Könül Cəfərli
www.102info.az