Mayın 23-nə keçən gecə Bakının Xətai rayonu ərazisində hotelin qarşısında insident törədən cinsi azlıq nümayəndələri (transseksuallar) barəsində cinayət işi başlanılıb.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 2003-cü il təvəllüdlü S.Şərifzadə, 2004-cü il təvəllüdlü S.Qədimzadə və 2005-ci il təvəllüdlü S.Atayev barəsində Xətai RPİ-də Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə iş açılıb.
İlkin araşdırmalar zamanı məlum olub ki, həmin gecə transseksuallar dəvət əsasında H.Salmani küçəsindəki hotelə gediblər. Lakin orada onlarla görüşdükləri şəxslər arasında mübahisə baş verib və hoteldən çıxarılıblar. Bundan sonra hər üç şəxs xuliqanlıq zəminində hotelin direktoru olan Türkiyə vətəndaşı M.Doğanı söyərək təhqir etməyə, səs-küy salmağa başlayıblar. Bu zaman S.Qədimzadə direktoru vuraraq xəsarət yetirib. S.Şərifzadə isə onların hərəkətlərini çəkən şəxsə zərbələr endirib, həmçinin onun əmlakına 2 000 manat dəyərində ziyan vurub.
Hazırda araşdırmalar davam etdirilir.
Qeyd edək ki, hadisədən sonra adları çəkilən şəxslərin saxlanılmasına etiraz edən bir qrup cinsi azlıq nümayəndəsi Xətai RPİ-nin 37-ci Polis Şöbəsinin qarşısına toplanaraq ictimai asayişi pozublar. Onların barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbir görülüb.
www.102info.az