Tovuz rayonunun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə ittiham olunan İlkin Süleymanovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
APA xəbər verir ki, bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən iclasda İlkin Süleymanov son söz deyib.
İlkin Süleymanov son sözündə ittiham olunduğu cinayətlə əlaqəsinin olmadığını deyib. O, son olaraq məhkəmədən bəraət istəyib.
Məhkəmə hökm elan etmək üçün müşavirəyə gedib.
Proses iyunun 5-nə kimi təxirə salınıb.
Qeyd edək ki, prokuror İlkin Süleymanova 20 il həbs cəzası istəyib.
Xatırladaq ki, 2019-cu ilin noyabrın 19-dan itkin düşən Tovuz rayonunun Dondar Quşçu kənd sakini, 10 yaşlı Nərmin Quliyeva qətlə yetirilib. Onun yandırılmış meyiti 2020-ci il yanvarın 6-da kənd ərazisində aşkar edilib. Cinayət işi üzrə təqsirləndirilən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü İlkin İbrahim oğlu Süleymanov tutularaq istintaqa cəlb edilib.
İlkin Süleymanova qarşı Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adamöldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələr ilə ittiham irəli sürülüb.
www.102info.az