Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının sabiq müavini Xalid Rəhimov həbs olunub.
Bu barədə “Report”un Cənub bürosu xəbər verir.
Bildirilir ki, rayonun Gərmətük qəsəbəsi ərazisində Dövlət Yol Polisi əməkdaşlarının keçirdikləri reyd zamanı təhlükəsizlik kəmərindən istifadə etmədiyinə görə Parakənd kənd sakini Xalid Rəhimov saxlanılıb.
Onun içkili olması ehtimalına görə müvafiq yoxlamadan keçirilməsinin vacibliyi qeyd olunub. Lakin sürücü polis əməkdaşlarına müqavimət göstərib. Bu səbəbdən polis idarəsinə aparılıb.
Onun barəsində məhkəmənin qərarı ilə iki aylıq həbs qətimkan tədbiri seçilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis kapitanı Məhəmməd Rzayev bildirib ki, faktla bağlı cinayət işi başlanılıb.
O, toplanmış materialların aidiyyəti üzrə Lənkəran Rayon Prokurorluğuna göndərildiyini qeyd edib.
Xatırladaq ki, Xalid Rəhimov 2021-ci ilədək Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavini vəzifəsində çalışıb.
www.102info.az