Bu gün Belarusdan Azərbaycana ekstradisiya edilən şəxsin kimliyi açıqlandı – YENİLƏNİB

Kriminal


Bu gün Belarusdan Azərbaycana ekstradisiya edilən şəxsin kimliyi məlum olub.

Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Baş Prokurorluğun vəsatəti əsasında Belarus Baş Prokurorluğu tərəfindən “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 22.01.1993-cü il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan vətəndaşı Məhərrəmov Ağasəmid Fərzulla oğlunun ölkəmizə ekstradisiyası haqqında qərar qəbul edilib.

Belə ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən istintaqı aparılan cinayət işi üzrə Ağasəmid Məhərrəmovun dələduzluq, həmçinin, rəsmi sənədləri hazırlama və saxta sənədlərdən istifadə etmə cinayətlərini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən, Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilməklə barəsində beynəlxalq axtarış elan edilib.

Ağasəmid Məhərrəmov Belarus ərazisində saxlanılaraq iyunun 8-də Penitensiar Xidmətin xüsusi konvoyunun müşayiəti ilə ölkəmizə gətirilib.

08:22

Ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi, cinayətkarlıqla mübarizənin gücləndirilməsi, xüsusilə cəzanın labüdlüyü prinsipinin təmin edilməsi üzrə önəmli tədbirlər görülür.

Ədliyyə Nazirliyinin Mətbuat Xidmətindən Oxu.Az-a verilən məlumata görə, bu sahədə beynəlxalq əməkdaşlığa mühüm əhəmiyyət verilərək müxtəlif ölkələrlə ikitərəfli müqavilələr, Avropa, habelə MDB çərçivəsində çoxtərəfli konvensiyalar üzrə cinayət törətmiş şəxslərin təslim edilməsi (ekstradisiya), hüquqi yardım və digər sahələrdə effektiv qarşılıqlı fəaliyyət həyata keçirilir.

Qeyd olunub ki, Azərbaycanın cari ilin aprelində imzaladığı cinayət işləri üzrə qarşılıqlı hüquqi yardıma dair, habelə bundan əvvəl ratifikasiya olunaraq ölkəmizə münasibətdə ötən ay qüvvəyə minmiş ekstradisiyaya dair Avropa Konvensiyalarına İkinci və Dördüncü Əlavə protokollar bir sıra mühüm dəyişiklikləri, o cümlədən sənədlərin elektron qaydada göndərilməsini özündə ehtiva etməklə, transmilli cinayətkarlıqla mübarizənin gücləndirilməsinə, cinayət işlərində beynəlxalq əməkdaşlığın səmərəliliyinin artırılmasına xidmət edir.

“Ədliyyə Nazirliyi tərəfindən xarici tərəfdaşlarla sıx işçi əlaqələrin qurulması, o cümlədən nazirliyin Avropa Şurası Cinayət məsələlərində əməkdaşlığa dair Ekspertlər Komitəsinin rəhbərliyində təmsil olunması bu sahədə fəaliyyəti daha effektiv edir.

Ölkəmizdə insan hüquqlarının təmin olunması, məhkəmə və ədliyyə sisteminin, o cümlədən məhkumların və təqsirləndirilən şəxslərin saxlanma şəraitinin beynəlxalq standartlara uyğun müasirləşdirilməsi üzrə tədbirlərin nəticəsidir ki, Avropa dövlətləri ölkəmizə münasibətdə ekstradisiya ilə bağlı müsbət qərarlar qəbul edirlər.

Belə ki, təkcə ötən aylarda oğurluq, soyğunçuluq, mütəşəkkil dəstə tərəfindən külli miqdarda narkotik vasitələrin qaçaqmalçılığı kimi cinayət əməllərinin törədilməsində ittiham edilərək beynəlxalq axtarışa verilən 4 nəfər şəxs Ədliyyə Nazirliyinin Beynəlxalq əməkdaşlıq idarəsinin və Penitensiar Xidmətin məsul əməkdaşları tərəfindən Polşa, Moldova və Ukraynadan ölkəmizə gətirilib.

Bu günlərdə isə dələduzluq və rəsmi sənədləri saxtalaşdırma ilə bağlı cinayət əməlinin törədilməsində təqsirləndirilən şəxsin Belarus Respublikasından ölkəmizə təslim edilməsi təmin olunub. Bununla da cinayətkarlıqla mübarizədə müstəsna rolu olan cəzanın labüdlüyü prinsipi təmin edilməklə cinayətkarların özlərini heç yerdə təhlükəsizlikdə hiss etmələrinin qarşısı alınır. Nazirlik tərəfindən bu sahədə lazımi tədbirlər davam etdirilir”, – məlumatda qeyd edilib.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir