“34 nömrəli tam orta məktəbin həyətində kütləvi dava olması və XI sinif şagirdinin (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) bıçaqlanması barədə məlumat həqiqəti əks etdirmir”.
Bu barədə Oxu.Az-a məktəbdən verilən məlumatda bildirilib.
Qeyd edilib ki, valideynin yazılı qaydada bildirdiyinə görə, adıçəkilən şagirdin qardaşı 11.06.2023-cü ildə dostu ilə Nabrandakı istirahət mərkəzində mübahisə ediblər, daha sonra Nərimanov rayonunda məhəllələrin birində mübahisənin davamı olub:
“Bu əsnada məktəbin şagirdi də qardaşına görə hadisənin iştirakçısına çevrilib. Həmin şagird bu gün dərs prosesində iştirak edib. Məsələ ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır”.
11:29
“Hadisə iyunun 11-də Nərimanov rayonu ərazisindəki məhəllələrin birində baş verib”.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib.
O qeyd edib ki, Zeynal Turabov tanışı Röyal İsrəfilova aralarında yaranan mübahisə zəminində bıçaqla xəsarət yetirib:
“Hadisə ilə bağlı rayon polis idarəsində araşdırma aparılır. Hər iki tərəfin izahatı alınıb. Xəsarətlərin dərəcəsini müəyyənləşdirmək üçün müvafiq ekspertiza təyin olunub. Araşdırmalar davam etdirilir”.
10:45
Bakının 34 nömrəli orta məktəbindən Nərimanov rayonunda kütləvi dava zamanı şagirdin bıçaqlanması məsələsinə münasibət bildirilib.
Məktəbdən Oxu.Az-ın sorğusuna cavab olaraq qeyd edilib ki, 2006-cı il təvəllüdlü Z.Turabov bıçaqlanmayıb, hazırda dərsdədir.
08:44
Bakının Nərimanov rayonunda kütləvi dava düşüb.
APA xəbər verir ki, hadisə rayon ərazisindəki məhəllələrin birində baş verib.
2002-ci il təvəllüdlü Röyal Abas oğlu İsrəfilov və 2006-ci il təvəllüdlü Zeynal Məmmədəli oğlu Turabov dava zamanı bıçaqlanıblar. Yaralılar xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Bölməsinin əməkdaşları tərəfindən araşdırma aparılır.
İlhamə Əbülfət, Könül Cəfərli
www.102info.az