Şəmkir Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən aparılan monitorinqlər zamanı rayon sakini Rəşad Rzazadənin VAZ-2107 markalı avtomobil ilə toy karvanında yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq etməsi məlum olub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, həmin şəxs barəsində DYPB-nin əməkdaşları inzibati qaydada protokollar tərtib edərək baxılması üçün məhkəməyə göndəriblər. Məhkəmənin qərarı ilə R. Rzazadə sürücülük hüququndan 1 illik məhrum edilməklə 15 sutka inzibati qaydada həbs edilib.
Bundan başqa bir qrup gəncin özlərinə məxsus müxtəlif markalı avtomobillərdə arxa yayların kəsilməsi və digər konstruksiya dəyişikliyi edərək hərəkət iştirakçılarına təhlükə yaratması və vətəndaşların haqlı narazılığına səbəb olması məlum olub.
Həmin sürücülər saxlanılaraq onlarla profilaktik söhbət aparılıb və barələrində qanunamüvafiq tədbir görülüb. Qanunsuz dəyişikliklər aradan qaldırıldıqdan sonra nəqliyyat vasitələri istismara buraxılıb.





www.102info.az