Sumqayıt Apellyasiya Məhkəməsində adam oğurluğunda təqsirləndirilən Sadiq Nəbiyevin (şərti) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Azər İsmayılovun sədrliyi ilə keçirilən iclasda qərar elan olunub.
Qərara əsasən, onun şikayəti təmin edilməyib.
Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 6 il müddətinə azadlıqdan məhrum edilib. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.
İttihama görə, hadisə 1994-cü il təvəllüdlü Sadiq Nəbiyev evlənmək məqsədilə 30 oktyabr 2021-ci il tarixdə, saat 12:30-da Sumqayıt şəhər avtovağzalında etibarnamə əsasında idarə etdiyi mikroavtobusa sərnişin qismində əyləşmiş zərərçəkmiş Aminə Niyazovanı (şərti) yaşadığı Şamaxı rayonuna aparacağını yalan vəd verib və onu Quba rayonuna aparıb.
Belə ki, o, ailə üzvləri ilə əlaqə saxlamaq istəyən qızın mobil telefonu əlindən alıb sındıraraq yararsız vəziyyətə salıb. Bundan sonra Aminə təqsirləndirilən şəxsə müqavimət göstərərək mikroavtobusun açıq olan qapısından çıxıb oradan uzaqlaşmaq istəyib. Lakin Sadiq zərərçəkmiş şəxsi tutub saxlayaraq mikroavtobusun qapısını bağlayıb. Bu zaman qızın sağ ayağı qapı arasında qalıb. Nəticədə o, Aminəyə bədən xəsarəti yetirib.
Bundan başqa, Sadiq Nəbiyev zərərçəkmiş şəxsin həyat və sağlamlıq üçün təhlükəli fiziki zor tətbiq etmək hədəsi ilə qızı Quba rayonunun Yerfi kəndi ərazisinə aparıb. Həmin ərazidə 31 oktyabr 2021-ci il tarixdə, saat 08 radələrinədək idarə etdiyi mikroavtobusun içərisində saxlamaqla qanunsuz azadlığını məhdudlaşdırıb adam oğurluğu cinayəti törədib.
Xatırladaq ki, Aminə Niyazova Sumqayıt Dövlət Universitetinin tələbəsidir.
www.102info.az