Qazinin çənəsini sındıran şəxs avtobus sürücüsünü də döyüb – İTTİHAM AKTI + VİDEO

Kriminal


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin əməkdaşı, qazi Namiq Babayevə xəsarət yetirməkdə təqsirləndirilən idmançı Rəvan Nəbizadənin cinayət işinin bəzi detalları məlum olub.

“Report”un əldə etdiyi məlumata görə, istintaq materiallarında qeyd olunub ki, R.Nəbizadə bu ilin martın 18-də saat 12 radələrində paytaxtın Binəqədi rayonunda küçədə avtobus sürücüsü Elşən Ağayevin ünvanına heç bir əsaslı səbəb olmadan söyüşlər söyməklə təhqir edib.

Daha sonra o, sürücünün sifət nahiyəsinə bir yumruq zərbəsi endirib.

Bundan başqa, R.Nəbizadə mayın 5-i saat 15 radələrində Respublika Reabilitasiya Mərkəzinin inzibati binasına gəlib. O, Vətən müharibəsi iştirakçısı olduğunu təsdiq edən tibbi və digər zəruri sənədləri təqdim etmək üçün həkim qəbuluna növbəsiz aparılması ilə bağlı mərkəzin baş təlimatçısı Namiq Babayevə müraciət edib. Lakin mərkəz əməkdaşı ona gözləmək lazım olduğunu söyləyib. Bu zaman R.Nəbizadə N.Babayevlə mübahisə edib.

İttihama görə, idmançı heç bir əsaslı səbəb olmadan N.Babayevin ünvanına söyüşlər söyməklə onu təhqir edib. Daha sonra R.Nəbizadə N.Babayevin sifət nahiyəsinə iki dəfə yumruq zərbəsi vurub.

İstintaq orqanı tərəfindən R.Nəbizadəyə qarşı Cinayət Məcəlləsinin 127.2.3-cü (Qəsdən sağlamlığa az zərər vurma) və 221-ci (Xuliqanlıq) maddələri ilə ittiham irəli sürülüb, barəsində həbs qətimkan tədbiri seçilib. Daha sonra ev dustaqlığına buraxılıb.

R.Nəbizadə istintaqda elan edilmiş ittiham üzə özünü təqsirli bilib. O deyib ki, 29 sentyabr 2020-ci ildə könüllü olaraq Vətən müharibəsinin döyüşlərinə qatılıb. İdmançı söyləyib ki, müharibənin sonunadək döyüşlərdə iştirak edib: 

“Müharibə başa çatdıqdan sonra Vətənin müdafiəsi, sərhədlərin qorunmasında iştirak etmişəm. 31 dekabr 2020-ci il tarixdə tərxis olundum. Müharibədən sonra kəskin ağır şəxsiyyət pozğunluğu, şəxsiyyətin davamlı dəyişikliyi, psixopatabənzər “F62.0” diaqnozlu xəstəliyi ilə əlaqədar həkim komissiyası tərəfindən müayinə edilərək müvafiq rəy almışam”.

R.Nəbizadə istintaq ifadəsində bildirib ki, Mərkəzə gəldiyi ilk andan etibarən orada çalışan əməkdaşlara, həkimə, eləcə də sənədlərinin növbədənkənar qəbuluna buraxmalarını mədəni şəkildə xahiş edib: 

“Lakin mənə əhəmiyyət verilmədi, istəyim süni şəkildə uzadıldı. Yarım saat qəbul edilmədikdən sonra səliqəli kostyum geyinmiş, əvvəllər tanımadığım, özünü mərkəzdə çalışan əməkdaş kimi təqdim edən şəxsə səbirsiz olduğumu, psixoloji gərginlik keçirdiyimi, növbədən kənar qəbul edilməyimi xahiş etdim. Həmin şəxs isə mənə bir qədər kobud şəkildə gözləməli olduğumu və müraciət edəcəyim yeri özümün tapmalı olduğumu dedi. Artıq bundan sonra əsəblərimi cilovlaya bilməyərək, həmin şəxsi vurdum. Polis əməkdaşlarının müdaxiləsindən sonra məni 7-ci Polis Bölməsinə gətirdilər və orada sərbəst şəkildə izahat verdim”.

İstintaq materiallarında qeyd olunub ki, R.Nəbizadə əvvəllər bir nəfər şəxsə qarşı törətdiyi əmələ görə Cinayət Məcəlləsinin 128-ci (Qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə təqsirli bilinərək məhkəmə qarşısına çıxarılıb. Həmin cinayət işinin məhkəmə istintaqı vaxtı zərərçəkmiş şəxs barışıq barədə ərizə verdikdən sonra işə xitam verilib.

Qeyd edək ki, hazırda cinayət işi üzrə məhkəmə Binəqədi Rayon Məhkəməsinin hakimi Vüsal Əlizadənin sədrliyi ilə araşdırılır.

Xatırladaq ki, N.Babayev və R.Nəbizadə hər ikisi Vətən müharibəsi iştirakçısı olub. N.Babayev Xüsusi Təyinatlı Qüvvələrdə xidmət edib, 5 medalla təltif olunub. R.Nəbizadə isə döyüş növləri üzrə peşəkar idmançıdır.

 

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir