Evini girov qoydu, bank isə satdı – Baş Prokurorluq vətəndaşın şikayətinə aydınlıq gətirdi

Kriminal


Baş Prokurorluq vətəndaşın şikayəti ilə bağlı açıqlama yayıb.

Qurumun Mətbuat Xidmətindən bildirilib ki, bir sıra sosial şəbəkə kanallarında vətəndaş Ramil Hüseynovun ona məxsus mənzilin qanunsuz ələ keçirilməklə hüquqlarının pozulması, şikayəti üzrə hüquq-mühafizə orqanlarında qeyri-obyektiv araşdırma aparılması ilə bağlı həqiqətə uyğun olmayan müraciətləri yayımlanıb:

“Qeyd edilənlər tərəfimizdən təkzib edilməklə bildirilir ki, vətəndaş Ramil Hüseynov dəfələrlə prokurorluq orqanlarında qəbul edilərək dinlənilib və hüquqları izah olunub.

Belə ki, yaşadığı mənzilin girov qoyulması müqabilində Ramil Hüseynova 2015-ci ildə Sahibkarlığa Kömək Milli Fondunun (hazırda Sahibkarlığın İnkişafı Fondu) vəsaitləri hesabına müvafiq bank tərəfindən 50 min manat məbləğində güzəştli kredit vəsaiti verilsə də, Ramil Hüseynov tərəfindən öhdəliklərinin icra edilməməsi ilə bağlı bankın mülki iddiası üzrə Nəsimi Rayon Məhkəməsinin qətnaməsi əsasında mənzilin satılaraq borcun ödənilməsi, artıq qalan məbləğin isə vətəndaşa qaytarılması qərara alınıb.

Qeyd edilən mənzil ilk iki hərracda alıcı olmadığından növbəti hərracda qanunvericiliyin tələbinə əsasən 118 min manata dəyərləndirilməklə satılıb, lakin Ramil Hüseynov heç bir əsas olmadan mənzili tərk etməyib.

Mülki iş üzrə cavabdeh olan Ramil Hüseynov tərəfindən qətnamədən verilən şikayətlər Bakı Apellyasiya Məhkəməsinin 12.10.2018-ci il tarixli, Ali Məhkəmənin isə 08.05.2019-cu il tarixli qərarları ilə təmin edilməyib.

Bununla yanaşı, Ramil Hüseynov mənzilin qanunsuz olaraq hərrac yolu ilə satılması barədə müraciəti üzrə Yasamal Rayon Polis İdarəsində araşdırma aparılıb.

Araşdırma zamanı toplanmış material üzrə şikayətçinin göstərdiyi, o cümlədən rəsmi sənədlərin saxtalaşdırılmasına dair qeyd etdiyi xüsusatlar təsdiq olunmadığından 10.03.2023-cü il tarixdə cinayət işi başlanmasının rədd edilməsi barədə qərar qəbul olunub, həmin qərarın qanuniliyi və əsaslılığı Yasamal Rayon Məhkəməsində öyrənilərək 19.04.2023-cü il tarixli qərarla qanuni hesab edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 01.05.2023-cü il tarixli qərarı ilə Yasamal Rayon Məhkəməsinin qərarı qüvvədə saxlanılıb.

Vətəndaş tərəfindən irəli sürülən xüsusatların hərtərəfli araşdırılmasına, eləcə də müvafiq məhkəmələr tərəfindən qəbul edilmiş qərarların qüvvədə saxlanmasına dair qərarlar qəbul edilməsinə baxmayaraq, Ramil Hüseynov əsassız olaraq bəzi sosial şəbəkə kanalları vasitəsilə hüquq-mühafizə orqanlarının nüfuzuna və qanuni fəaliyyətinə yönəlmiş böhtan xarakterli fikirlər səsləndirməklə hadisələri təhrif edərək öz mənafeyinə uyğun qanunsuz qərarların qəbul olunmasına cəhd edib.

Bununla əlaqədar, Ramil Hüseynov bir daha Bakı Şəhər Prokurorluğunun rəhbərliyi tərəfindən qəbul edilməklə ona irəli sürdüyü xüsusatların mülki mühakimə icraatı qaydasında baxılaraq qanunamüvafiq qərarların qəbul edildiyi, pozulduğunu iddia etdiyi hüquqlarının bərpası ilə əlaqədar məhkəmə orqanlarına müraciət hüququnun olması izah edilib”.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir