Bir ailənin üç üzvünü qətlə yetirməkdə şübhəli bilinən şəxs hakim qarşısında

Kriminal


Bir ailənin üç üzvünü qətlə yetirməkdə, bir nəfəri isə yaralamaqda təqsirləndirilən Nofəl Səfərovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

APA xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərovanın sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan olunub. Təqsirləndirilən şəxs özünü ittihamla təqsirli bilməyib.

Daha sonra prosesdə ifadə verən zərərçəkmiş Elbrus Ağalarov bildirib ki, həmin gün axşam 6-da işdən çıxıb babasıgilə gedib:

“Qapı açıq idi. Həyətə girdim ki, yerdə bir nəfər uzanıb, yaxınlaşıb gördüm ki, babamdır, qan içindədir. Telefonu çıxardım ki, zəng edəm, arxadan başıma zərbə endirildi, yıxıldım. Ayağa durdum ki, bir nəfər qaçır. Qaçıb bunu arxadan tutdum, soruşdum, kimsən? Həmin adam maskada idi, çönüb boğazımdan tutdu. Gördüm, məni öldürmək istəyir. Dedim ki, burax məni, arxanca gəlməyəcəyəm. Məni buraxıb qaçdı. Ayağa qalxıb babamın yanına qaçdım, gördüm, ölüb. Qaçdım içəri, gördüm, nənəm qan içindədir, dayım da zarıyır. Tez qaçıb qonşulara xəbər verdim”.

Zərərçəkmiş bildirib ki, hadisədən 10 gün əvvəl evdən oğurluq edilib:

“Nənəm bu barədə polisə müraciət etmişdi. Sonra şikayətini geri götürmüşdü”.

Proses oktyabrın 20-də davam etdiriləcək.

Xatırladaq ki, hadisə ötən il noyabrın 29-da Xəzər rayonu, Buzovna qəsəbəsində baş verib. Həmin gün saat 20 radələrində Buzovna qəsəbəsində 1939-cu il təvəllüdlü Elbrus Muradov, oğlu, 1971-ci il təvəllüdlü Rahil Muradov, həyat yoldaşı, 1945-ci il təvəllüdlü Şahirə Muradova naməlum şəxs tərəfindən kəsici alətlə qətlə yetirilib, nəvəsi, 1997-ci il təvəllüdlü Elbrus Ağalarov isə bədən xəsarəti alıb.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7 (iki və ya daha çox şəxsi öldürmə) və 120.2.11-ci (quldurluq, hədə-qorxu ilə tələb etmə, terrorçuluq və ya banditizmlə əlaqədar adamöldürmə) maddələri ilə cinayət işi başlanılıb.

Aparılan araşdırmalarla ailənin keçmiş kürəkəni, 1976-cı il təvəllüdlü Nofəl Səfərovun şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı onları qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində N.Səfərov şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir