Lənkəran Ağır Cinayətlər Məhkəməsinə Biləsuvar rayonunda bir yaşlı övladını və özünü kanala atan Reyhan Hacıyevanın cinayət işi üzrə məhkəmə ifadəsi məlum olub.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Cəlil Nəbiyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə o, 14 il müddətinə azadlıqdan məhrum edilib.
Rəsmi məlumata əsasən, 2021-ci il avqustun 14-də saat 08 radələrində Biləsuvar rayon sakini, 2020-ci il təvəllüdlü Zakir Hacıyevə (ad şərtidir) məxsus meyitin Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına daxil olması barədə rayon prokurorluğuna məlumat daxil olub. Aparılmış araşdırmalarla müəyyən edilib ki, zərərçəkmişin anası, 1991-ci il təvəllüdlü Reyhan Hacıyeva (ad şərtidir) həmin gün səhər saat yeddi radələrində rayonun İsmətli kəndi ərazisindən keçən su kanalına özünü və oğlunu intihar etmək məqsədilə atıb. Nəticədə Zakir Hacıyev suda boğularaq ölüb. Reyhan Hacıyeva isə kənd sakinləri tərəfindən sudan çıxarılıb. Reyhan Hacıyeva şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Onun barəsində Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.
Məhkəmə istintaqında Reyhan Hacıyeva ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərib ki, özünü və oğlu Zakiri öldürmək niyyəti olmayıb. O, kəndin ərazisindən keçən su kanalının kənarı ilə kəndin çıxacağına doğru gedərkən qəfildən ayağı sürüşdüyü üçün uşaqla birlikdə kanala yıxıldığını, oradan asfalt yola çıxaraq yoluna davam edərkən qucağında olan övladı ilə kəndin mərkəzi asfalt yolunun su kanalının üzərindən keçən hissəsində piyada hərəkətdə olan zaman anidən özündən getdiyi üçün uşaqla birlikdə yenidən suya düşdüyünü və özünə gəldikdən sonra uşağın yanında olmadığını söyləyib. Heç bir cinayət törətmədiyini deyən qadın məhkəmədən barəsində ədalətli qərar qəbul verilməsini xahiş edib.
Reyhan Hacıyeva məhkəməyədək icraat zamanı verdiyi ifadələri məhkəmədə elan edilərkən müəyyən olunub ki, o, heç bir təsir-təzyiq göstərilmədən müdafiəçisinin iştirakı ilə şübhəli və təqsirləndirilən şəxs qismində dindirilib. Ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib və hadisə barədə ətraflı ifadələr verərək göstərib ki, 2018-ci ildə Biləsuvarın İsmətli kənd sakini Qalib (şərti) adlı şəxslə qeyri-rəsmi evlənib, onların 2020-ci ildə Zakir adlı bir uşağı dünyaya gəlib. Evləndikdən sonra ərinin yaşadığı evə köçüb və onlar ərinin valideynləri ilə birlikdə yaşayıblar. Ərinin xəstəliyi və əqli problemi olduğundan qadın heç yerdə işləmədiyini, bütün günü evdə olduğunu, onların ailəsini usta işləyən qayınatası dolandırdığını bildirib. Təqsirləndirilən şəxs qeyd edib ki, əvvəllər ailədə hər şey yaxşı olub, evdə heç bir söz-söhbət olmayıb, bir-biriləri ilə mehriban dolanıblar. Lakin oğlu Zakir dünyaya gələndən sonra qayınatası evdə söz-söhbət salmağa başlayıb, heç nədən hər şeyə qarışaraq narazılıq yaradıb, dəfələrlə ona “ərin işləmir, mən sizi saxlaya bilmirəm, uşağını götür get atan evinə, bir müddət orada qal” deyib. Qadının dediyinə görə, o da məcbur qalıb azyaşlı oğlunu götürüb atası evinə gedib və 5-6 gün sonra baldızları və qardaşının mobil telefonuna zəng edərək onu evinə qaytarıblar. Lakin atası xəstə olduğundan ona bu barədə heç nə deyilməyib, ər evinə qayıtdıqdan sonra bir müddət qayınatası onunla mehriban olsa da, lakin sonradan yenə hər şeyə bir söz deyib əsəbiləşib. Kişinin bu sözlərindən bezdiyi üçün uşağını götürüb yenidən atası evinə gedib.
Reyhan Hacıyeva söyləyib ki, 11 avqust 2021-ci ildə ailə üzvləri onu öz evlərinə çağırdıqları üçün oğlunu götürüb atası evinə gedib və 2 gün qalaraq ayın 13-də qayınatasının evinə qayıdıb. Az sonra qayınatası onu çöldən səsləyərək həyətə çağırıb. Qadın evdən həyətə çıxan zaman “su borusunu kimin açıb bu vəziyyətə qoyduğunu, həmin borunu səliqəli yığıb qoyduğunu, sən hara baxırsan, görmürsən?” deyə ondan soruşub. Reyhan da cavabında qayınatasına həmin boru ilə Habilin (şərti) azyaşlı nəvəsinin oynadığını bildirib. Qayınatası onunla acıqlı danışıb. 14 avqust 2021-ci ildə, səhər saat 06 radələrində yuxudan durub oğlu Zakiri qucağına götürərək evdən çıxıb və yaşadıqları evdən uzaqda olan su kanalına gedib. İsmətli kənd orta məktəbindən bir qədər irəli gedəndən sonra su kanalına yaxınlaşaraq özünü uşaqla birlikdə öldürməkdən ötrü suya atıb. Lakin su kanalının həmin hissəsində dərinlik az olduğu üçün yola çıxıb irəliyə kəndin çıxacağına doğru gedib. Həmin vaxt ətrafda heç kəs olmayıb, kanaldan yola çıxan zaman yolda qarşısına əynində göy köynək olan tanımadığı bir oğlan çıxıb və ondan nə lazım olduğunu, köməyə ehtiyacı olub-olmadığını soruşaraq, hara lazımdır məlumat vermək istədiyini deyib. Qadın həmin şəxsə heç bir şeyə ehtiyacının olmadığını və həmin kənddən olmadığını bildirərək yoluna davam edib. Təxminən 200-300 metr getdikdən sonra yenidən asfalt yolun kənd qəbiristanlığı ilə üzbəüz su kanalının üstündən keçən hissəsində özünü uşaqla birlikdə suya atıb. Həmin vaxt başı asfalt yolun altından keçən beton materialdan olan su borusuna möhkəm dəydiyi üçün uşaq əlindən çıxaraq suya düşüb. Reyhan özünü bir qədər itirib, asfalt yolun altından keçən beton su borusunun içinə girərək orada əyləşib, az sonra yolda gördüyü oğlan və digər tanımadığı şəxslər ona yaxınlaşaraq ondan qucağında olan uşağı soruşub. O, həmin şəxsə uşağı suya atdığını bildirib. Bundan sonra onlar uşağı axtarmağa başlayıblar, həmin vaxt oradan keçən İsmətli kəndində yaşayan və taksi fəaliyyəti ilə məşğul olan Tahar (şərti) kişi onu görüb vəziyyəti biləndən sonra qayınatasına məlumat verib. Bir neçə dəqiqədən sonra olduqları yerə hüquq-mühafizə orqanlarının əməkdaşları, həmçinin qayınatası gəlib. Qadının qayınatası su kanalına girərək uşağı axtarmağa başlayıb. Təxminən yarım saat sonra oğlu Zakir suya düşdüyü yerdən 2-3 metr aralıda suyun içindəki kol-kosun arasından çıxarılıb.
www.102info.az