Avropaya getmək vədi ilə Azərbaycana gətirilən əcnəbilər saxlanılıblar – VİDEO

Kriminal


Dövlət Miqrasiya Xidmətinin qanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirləri zamanı Bakı şəhərində müxtəlif ünvanlarda viza müddətindən artıq yaşayan və qanunsuz miqrasiyanın təşkilində iştirak edən 20 əcnəbi saxlanılıb.

Xidmətdən verilən xəbərə görə, bu şəxslərdən 18-nin 5-8 min dollar qarşılığında Azərbaycan ərazisindən istifadə etməklə Avropa İttifaqına üzv dövlətlərin ərazisinə daşınılması vədi ilə aldadılaraq ölkə ərazisinə gəlmələrinin təşkil edilməsi müəyyən olunub. Təşkilatçılar xarici ölkədə yerləşən turizm şirkəti vasitəsilə əcnəbilərin asan yolla Avropa İttifaqı ərazisinə daşınılmasına dair təbliğat aparıb, Azərbaycan Respublikasına gəldikdən sonra 18 əcnəbinin sənədlərinin hazırlanmasına inandırmaq məqsədilə pasportlarını alıb, onların pulunu mənimsəyib və əcnəbilərin viza müddətində ölkə ərazisini tərk etmələrinə maneə yaradaraq qanunsuz miqranta çevrilmələrinə şərait yaradıblar. Həyata keçirilən tədbirlər nəticəsində qeyd olunan qanunsuz əməlləri törədən 2 əcnəbi müəyyən edilərək saxlanılıb və aşkar edilən hallarla bağlı materiallar hüquqi qiymət verilməsi üçün aidiyyəti hüquq-mühafizə orqanına göndərilib.

Ümumilikdə, 2023-cü ilin yanvar-avqust ayları ərzində qanunsuz miqrasiyaya qarşı keçirilən tədbirlər zamanı 6 306 əcnəbi və vətəndaşlığı olmayan şəxs saxlanılıb. Onların ölkə ərazisində olma və yaşama hüququ verən sənədlər olmadan (qanunsuz) yaşaması, ölkəyə gəlişinin bəyan edilmiş məqsədinə uyğun olmayan fəaliyyətlə məşğul olması, qanunsuz əmək fəaliyyətinə cəlb edilməsi və ya qeydiyyat ünvanı üzrə yaşamadığı müəyyənləşdirilib. Həmin dövr ərzində miqrasiya qanunvericiliyini pozan 2331 əcnəbi Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarılıb və ölkəyə girişləri qanunla müəyyən edilmiş müddətə məhdudlaşdırılıb, digərlərinin ölkə ərazisində yaşamalarının qanuniləşdirilməsi və ya ölkəni könüllü tərk etmələri təmin olunub. Eyni zamanda ölkədə olma, yaşama, əcnəbilərin işə cəlb olunması və digər aidiyyəti məsələlərlə bağlı ümumilikdə 15163 inzibati qərar qəbul edilib. Həmçinin qanunsuz miqrasiyanın təşkili və insan alveri ilə bağlı aşkar edilən hallarla bağlı materiallar hüquqi qiymət verilməsi üçün aidiyyəti hüquq-mühafizə orqanına göndərilib.

Vətəndaşlardan qanunsuz miqrasiya halları ilə rastlaşdıqda Dövlət Miqrasiya Xidmətinin (012) “919” Çağrı mərkəzini məlumatlandırmaları xahiş olunur. Çağrı mərkəzi həftənin 7 günü 24 saat fəaliyyət göstərir.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir