Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən İqbal Cabbarovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə İqbal Cabbarov 4 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, hadisə paytaxtın Xəzər rayonunda qeydə alınıb. Belə ki, olaydan əvvəl İqbal Cabbarovun bacısı Nərmin (şərti) itkin düşüb. Daha sonra onun əmisi Sabir Cabbarovla (şərti) arasında mübahisə yaranıb. Nəticədə o, mətbəx bıçağı ilə əmisini bıçaqlayıb.
Məhkəmə istintaqında İqbal Cabbarov ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, hadisədən əvvəl bacısı Nərmin evdən gedərək itkin düşüb. Onlar da bacısının itkin düşməsi ilə əlaqədar tapılması üçün kanallardan birinin aparıcısı Zaur Baxşəliyevin proqramına müraciət ediblər. Təxminən 5 gün sonra İqbal yolda əmisi Sabiri görüb. Həmin vaxt əmisi ona televiziya proqramına çıxdığı üçün kiminsə Nərminə ilişib-ilişmədiyini soruşub. O da bu sözləri başa düşmədiyini və nəyə görə belə sual verdiyini əmisindən soruşub. Lakin Sabir söhbəti dəyişib. Bir müddət sonra əmisi hər dəfə onu görəndə bu məsələ ilə bağlı ona söz atıb. İqbal da dözməyərək bir gün axşam saatlarında Sabirin yaşadığı evə gedərək onu bıçaqlayıb.
İqbal Cabbarovun sözlərinə görə, hadisədən sonra 3-cü Polis Bölməsinə könüllü gedərək təslim olub. O, törətdiyi əməldən peşman olduğunu deyib.
www.102info.az