Polis əməkdaşlarının Ağcabədi rayonunda son iki ay ərzində narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirdikləri tədbirlər zamanı 39 şübhəli şəxs cinayət məsuliyyətinə cəlb edilib
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitənin qanunsuz dövriyyəsində şübhəli bilinən Hindarx qəsəbə sakini, əvvəllər də eyni əmələ görə məhkum olunmuş Malik Allahverdiyev saxlanılıb. Onun Hindarx qəsəbə ərazisindəki yaşadığı ünvanda aparılan axtarış zamanı 3 kiloqramdan artıq narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb. Saxlanılan şəxs ilkin dindirilmə zamanı həmin narkotik vasitəni əldə etmək üçün bir müddət əvvəl özünəməxsus əkin sahəsində çətənə bitkisinin kultivasiyasını təşkil etdiyini bildirib. Onun bu əməlləri polis əməkdaşları tərəfindən ifşa olunub və barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.
Bundan əlavə Ağcabədi rayonunda son iki ay ərzində narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində keçirilən mütəmadi tədbirlər nəticəsində daha 38 şübhəli şəxs müəyyən edilib. Həmin şəxslərin hər biri barəsində cinayət işi başlanılaraq müvafiq qaydada baxılması üçün rayon məhkəməsinə göndərilib. Əməliyyatlar zamanı ümumilikdə 15 kiloqrama yaxın metamfetamin, heroin və marixuana kimi narkotik vasitələrin qanunsuz dövriyyədən çıxarılması təmin olunub.
Bu istiqamətdə tədbirlər polis əməkdaşları tərəfindən qətiyyətlə davam etdirilir.
www.102info.az