Sumqayıt Ağır Cinayətlər Məhkəməsində Xızıda qardaşının arvadını boğub öldürməkdə təqsirləndirilən Taleh Qurbanovun məhkəmə prosesi başlayıb.
APA-nın məlumatına görə, hakim Hafis Əliyevin sədrliyi ilə keçirilən prosesdə ittiham aktı oxunub. Təqsirləndirilən T. Qurbanov özünü ittihamla təqsirli bilib.
Proses oktyabrın 25-də davam etdiriləcək.
Qeyd edək ki, qətlə yetirilən Ləman Qurbanova 2020-ci ilin sentyabr ayında Ermənistanın təxribatının qarşısını alarkən şəhid olmuş kapitan Saleh Qurbanovun həyat yoldaşıdır. Ləman Qurbanovanı öldürməkdə təqsirləndirilən Taleh Qurbanov şəhidin qardaşıdır.
Hadisə mayın 13-ü saat 18 radələrində Xızı rayonu, Giləzi qəsəbəsində yerləşən fərdi yaşayış evlində qeydə alınıb.
Həmin gün 1999-cu il təvəllüdlü Ləman Qurbanovanın ölməsinə dair rayon prokurorluğuna məlumat daxil olub.
Aparılmış araşdırmalarla 1984-cü il təvəllüdlü Taleh Qurbanovun qohumu Ləman Qurbanovanı boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Xızı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. İş üzrə şübhəli şəxs qismində saxlanılan Taleh Qurbanov hadisədən sonra könüllü olaraq istintaqa təslim olub.
Qətlə yetirilən qadının 1 övladı olub.
www.102info.az