Abşeron Rayon Məhkəməsində oğurluqda təqsirləndirilən Kamal Hacıyevin (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Cəmilə Səfiyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə o, 1 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilib. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək saxlanılıb.
İttihama görə, hadisə bu ilin yayında Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivində yerləşən evlərin birində qeydə alınıb. Belə ki, 1999-cu il təvəllüdlü Kamal Hacıyev bacısıgilin kirayə yaşadığı evin giriş qapısının qıfılını sındırma yolu ilə qanunsuz daxil olub. O, evdən yeznəsinə məxsus “Lenovo” markalı notbuku, “Redmi Note 11” markalı mobil telefonu və “Versace” markalı kişi qol saatını oğurlayıb. Kamal zərərçəkmiş Qafar Qafarova (şərti) ümumilikdə 480 manat məbləğində ziyan vurub. Məhkəmə baxışında Kamal Hacıyev ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilib. O ifadəsində deyib ki, işləmədiyi üçün bekar olduğundan evdə uzanıb mobil telefonda “kazino” adlanan oyun oynayıb. Təqsirləndirilən şəxsin sözlərinə görə, öz adına “Samsung A32” markalı mobil telefonu kreditlə götürüb, lakin həmin vaxt borcları olduğundan həmin telefonu 400 manata satıb borclarını verə bilməyib.
Qeyd edib ki, zərərçəkmiş Qafar Qafarov bacısının həyat yoldaşıdır, onlarla onunla eyni məhəllədə yaşayırlar. O, hadisədən əvvəl maddi sıxıntıları olduğundan və borclarını verə bilmədiyindən bacısıgilin evindən oğurluq etməyi qərara alıb. Evdən oğurluq etdikdən sonra həyətə çıxıb yaşadığı mənzilə gəlib, bir neçə dəqiqə evdə qalıb. Daha sonra yaşadığı mənzili tərk edərək dayanacağa gəlib, 135 nömrəli marşrut avtobusuna əyləşib, “Şamaxinka” adlanan əraziyə yollanıb.
Kamal Hacıyev bildirib ki, Bakıda notbuku 100 manata, telefonu 30 manata satıb. Saatı isə “Tap.az” internet satış saytında satılması üçün qoyub və həmin günü 15 manata tanımadığı şəxsə satıb. O, saatı və notbuku sataraq əldə etdiyi pulun 70 manatını mobil telefonda oynadığı “Kazino” oynuna yükləyib, qalan hissəsini isə hissə-hissə şəxsi ehtiyaclarına xərcləyib. Kamal sonda əməlindən peşman olduğunu və dəymiş ziyanın ödənildiyini bildirərək ona yüngül cəza təyin olunmasını məhkəmədən xahiş edib.
www.102info.az