Biləsuvarın məhkum edilmiş sabiq icra başçısı Mahir Quliyevlə bağlı qərardan verilmiş kassasiya şikayətinə baxılıb.
“Qafqazinfo”nun əldə etdiyi xəbərə görə, Ali Məhkəmədə keçirilən iclasda qərar elan olunub.
Ələsgər Novruzovun sədrlik etdiyi hakimlər heyəti məhkum şəxslə bağlı qərarda hər hansı qanun pozuntusu aşkar etməyib. Qərara əsasən, şikayət təmin olunmayıb.
Qeyd edək, sabiq icra başçısı bir müddət əvvəl kassasiya şikayəti versə də, sonradan şikayətini geri götürmüşdü.
Xatırladaq ki, M.Quliyev Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla həbs olunub. O, Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə və israf etmə), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 311.3.2-ci (təkrar rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirli bilinərək, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 11 il azadlıqdan məhrum edilib. Hökmə əsasən, Mahir Quliyevin 2 mənzili və 1 avtomobili dövlət nəfinə müsadirə olunub. Şirvan Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb.
www.102info.az