Külli miqdarda mənimsəmədə təqsirləndirilən polkovnik-leytenantın cinayət işi üzrə şahid dindirilib

Kriminal


Bakı Hərbi Məhkəməsində Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi, külli miqdarda mənimsəmədə təqsirləndirilən polkovnik-leytenant Mahir Şirvanovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.

“Report”un məlumatına görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində Rüstəm Səlimov ifadə verib.

O, təqsirləndirilən şəxs olan Mahir Şirvanovu tanımadığını, MMC-nin icraçı direktoru olduğunu söyləyib:

“Rəhbərlik etdiyim şirkət ərzaq məhsullarının satışı ilə məşğul olub. 2018-ci ildən Müdafiə Nazirliyinə ərzaq məhsullarının verilməsi ilə məşğul olmuşuq. Bizim MMC-nin Müdafiə Nazirliyi ilə bu illər ərzində 20-30 müqaviləsi olub”.

Şahid deyib ki, şirkət qarabaşaq, düyü, sirkə və digər məhsullarının satışı ilə məşğul olub.

Onun sözlərinə görə, Müdafiə Nazirliyi ilə müqaviləni MMC-nin rəhbəri kimi özü bağlayıb. Müdafiə Nazirliyi ilə MMC-nin 2018-21-ci illər ərzində ərzaq məhsullarının tədarükü ilə bağlı müqavilələri olub.

R.Səlimov qeyd edib ki, Müdafiə Nazirliyi ilə müqaviləni başqa bir şirkətin əməkdaşı Aftandil Abdiyevin vasitəçiliyi ilə bağlayıb:

“Aftandil Abdiyevin özü də nazirliklə işləyib. Onun vasitəsi ilə mən də bu işlə məşğul olmağa başlamışam. Biz danışdıqdan sonra məhsulların qiymətlərini yazılı qaydada nazirliyə təqdim etmişik. Məhsulların qiymətlərinə baxıldıqdan sonra müqavilə imzalamışıq”.

Şahid deyib ki, müqavilə Müdafiə Nazirliyində hazırlanıb:

“Hazır müqaviləni nazirliyin giriş qapısına qoyublar. Mən də gedərək oradan götürmüşəm və imzalayaraq geri qaytarmışam. Müqavilədə məhsulların qiymətini bazara uyğun təklif edirdik. Qiymətlərin şişirdilməsi olmayıb. Bütün məhsulların qiyməti real bazar qiymətinə uyğun olub”.

Prokuror şahidin nəzərinə çatdırıb ki, Müdafiə Nazirliyi ilə bağlanılan müqavilə əsasında məhsulların qiymətlərinin şişirdilməsi nəticəsində dövlət büdcəsindən dörd milyon manat mənimsənilib. Şahid deyib ki, bu mənimsəmə faktından onun xəbəri olmayıb.

Növbəti proses oktyabrın 27-də davam edəcək.

Qeyd edək ki, Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin rəisi Bayram Bayramov, maliyyə idarəsinin zabiti Vüsal Əlizadə, Müdafiə Nazirlinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi, polkovnik Mahir Şirvanov, həmçinin nazirliyin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Məlikməmməd Qurbanov, nazirliyin mənzil istismar idarəsinin sabiq rəisi, polkovnik Fikrət Mirzəyev Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi xüsusi əməliyyat nəticəsində həbs ediliblər.

Təqsirləndirilən şəxslər dövlət büdcəsindən ayrılan pulları mənimsəməkdə ittiham edilirlər.

Xatırladaq ki, cinayət işi üzrə ümumilikdə dövlətə dəymiş ziyan 143 milyon manatdır.

Cinayət işləri ayrı-ayrı icraatlarda baxılması üçün məhkəməyə göndərilib.

İstintaq dövründə dövlətə vurulmuş ümumi ziyanın 40 milyon manatı ödənilib.

Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb.

Təqsirləndirilən şəxslərin hər birinə Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) maddəsi ilə ittiham irəli sürülüb.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir