Rüşvətə təhrik etmə və dələduzluqda təqsirləndirilən Quba Rayon İcra Hakimiyyəti başçısının sabiq müavini Xanlar Heybətov və Arif Mustafayevin barəsindəki hökmdən kassasiya şikayəti verilib.
Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət Ali Məhkəmənin hakimi Hafiz Nəsibovun sədrliyi ilə araşdırılacaq.
Məhkəmənin ilkin hazırlıq iclası oktyabrın 27-nə təyin edilib.
İttihama görə, X.Heybətov 11.02.2019-cu il tarixdən 11.03.2020-ci il tarixədək Quba Rayon İcra Hakimiyyəti başçısının müavini – Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsində çalışıb. O, işlədiyi müddət zamanı qulluq mövqeyindən istifadə edərək sakinlər arasında yaranan nüfuz və etibarından sui-istifadə edib.
Belə ki, X.Heybətov A.Mustafayevlə birgə aldatma yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə dələduzluq edib.
Hər iki şəxs barəsində Cinayət Məcəlləsinin 34, 312-ci (Rüşvətə təhrik etmə), 178.2.3-cü (Dələduzluq, şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə) və 178.2.4-cü (Dələduzluq, xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.
Quba Rayon Məhkəməsinin hökmünə əsasən, X.Heybətova 9 min manat məbləğində cərimə cəzası tətbiq olunub.
Bundan başqa, A.Mustafayev 6 ay 22 gün müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilib. Həmçinin məhkəmə onun barəsində 6 min manat məbləğində cərimə cəzası tətbiq edib.
Hər iki şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılıb.
www.102info.az