Bakıda 5 milyon manatdan çox pulu mənimsəmədə təqsirləndirilən Orxan Ağayevin barəsindəki hökmdən zərərçəkmiş tərəfindən verilən kassasiya şikayəti üzrə məhkəmə iclasının vaxtı məlum olub.
Pravda.az-ın əldə etdiyi məlumata görə, Ali Məhkəmədə keçirilən proses oktyabrın 24-nə təyin edilib.
Şikayət hakim Şahin Yusifovun sədrliyi ilə araşdırılacaq.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 15 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, O.Ağayev bir neçə şəxsə iş qurmaq adı ilə yüksək qazanc vəd edib. Belə ki, o, özünü zərərçəkmişlərə turizm sektorunda yaxşı əlaqələri olan, bu sahədə geniş təcrübə və imkanlara malik olan şəxs kimi tanıdıb. İttihama əsasən, O.Ağayev vətəndaşların 5 156 419 manat pulunu mənimsəyib. Onun ziyan vurduğu şəxslər sırasında sahibkarlar və dövlət qurumlarının vəzifəli şəxsləri də var. O, vətəndaşların şikayətləri əsasında Daxili İşlər Nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən saxlanılıb. O.Ağayevin barəsində Cinayət Məcəlləsinin 178.4-cü (xüsusilə külli miqdarda ziyan vurmaq) maddəsi ilə ittiham irəli sürülüb. İstintaq zamanı məlum olub ki, O.Ağayev İqtisad Universitetində təhsil alıb, Sinqapurda maliyyə üzrə magistr təhsilini davam etdirib. Azərbaycana qayıtdıqdan sonra bir neçə bankda işləyib. 2017-ci ildə vəzifə saxtakarlığı və dələduzluq ittihamı ilə məsuliyyətə cəlb edilib.
www.102info.az