2021-ci ildə Şəmkir rayonunun Yeni Həyat qəsəbəsində gəlini, 1985-ci il təvəllüdlü Səma Qasımovanı güllələyərək qətlə yetirən Sahib Həsənov cəzaçəkmə müəssisəsində vəfat edib.
“Qafqazinfo” xəbər verir ki, diz nahiyəsinin irinləyən yarası, fleqmona, septiki toksiki şok diaqnozu ilə Penitensiar Xidmətin Müalicə müəssisəsinə daxil olan 1959-cu il təvəllüdlü S.Həsənov orada dünyasını dəyişib.
Oktyabrın 18-də Gəncə Ağır Cinayətlər Məhkəməsində S.Həsənov barəsində açılmış cinayət işi üzrə məhkəmənin son iclasında onun vəfat etməsi səbəbindən cəza təyin edilməyib.
Sahib Həsənov xüsusi amansızlıqla adam öldürməkdə, həmçinin iki və ya daha çox şəxsi öldürməyə cəhddə təqsirləndirilib. Belə ki, hadisə vaxtı o, oğlu Nicat Həsənovu qətlə yetirməyə çalışıb və ilk olaraq övladına atəş açıb. Lakin birinci güllə Nicatın başını sıyıraraq keçib və ona ciddi zərər vurmayıb. S.Həsənov ikinci dəfə atəş açarkən oğlunun arvadı Səma Qasımova özünü güllənin qarşısına atıb və qarın nahiyəsindən xəsarətlər alıb. O, xəstəxanaya çatdırılıb və daha sonra Bakıdakı klinikaya köçürülüb. Əməliyyat edilsə də, S.Qasımova 3 gün sonra vəfat edib.
www.102info.az