Bakıda evli kişinin dul qadınla sevgisi QANLA BİTDİ – TƏFƏRRÜAT + FOTO

Kriminal


2022-ci il iyulun 3-ü saat 18 radələrində 1985-ci il təvəllüdlü Aynurə Əliyarova çoxsaylı bıçaq xəsarətləri ilə 3 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilir. Hadisə ilə bağlı rayon prokurorluğuna məlumat daxil olur. Dərhal prokurorluq əməkdaşları tərəfindən hadisənin baş verdiyi Yeni Zığ yaşayış kompleksi, bina 6, mənzil 18-ə baxış keçirilib.

Hadisədən təxminən bir saat sonra cinayəti törədən 1978-ci il təvəllüdlü Sahil Məmmədov 33-cü Polis Bölməsinin əməkdaşları tərəfindən küçədə saxlanılıb.   

Kürdəmir rayonunda anadan olan S. Məmmədov Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, 49 ünvanında yaşayıb. Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 2002-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 126.2.4-cü (xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə yeddi il müddətinə azadlıqdan məhrum olunub.

Xəstəxanada göstərilən tibbi yardımlara baxmayaraq, ağır yaralanan qadın iyulun 5-i saat 21:35-də xəstəxanada vəfat edib.

Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Ayın 7-də baxış keçirilməsi protokollarından görünüb ki, hadisə yerindən götürülmüş bir ədəd qızılı rəngli mobil telefonun “WhatsApp” proqramına daxil olduqda Sahil Məmmədova məxsus nömrə blok edilib. Həmin nömrədən daxil olan cavabsız zənglər, iyulun 3-ü saat 14:00 kimi çoxsaylı yazılı və səsli ismarıclar aşkar olunub.

Lent.az qətl hadisəsinin istintaq materiallarını əldə edib.

İstintaqla müəyyən edilib ki, iyulun 3-ü saat 14 radələrində Sahil Məmmədov sevgi münasibətlərində olduğu Aynurə Əliyarovanın son günlər onunla əlaqələrini kəsib başqa şəxslərlə görüşməsini qısqandığı üçün onun və ailə üzvlərinin ünvanına mobil telefonda nalayiq ifadələr işlətməsindən qəzəblənərək ondan qisas almaq qərarına gəlib. Bu məqsədlə qadının yaşadığı ünvana gəlib. Aynurə Əliyarovanın qapını açmasından istifadə edərək, boğazından tutub, yerə yıxıb və zorla mənzilə daxil olub. Yalvarışlarına məhəl qoymadan müstəsna dərəcədə qəddarlıqla, bıçaqla döş qəfəsinə, həmçinin qarın və kürək nahiyələrinə 20 dəfə zərbə vuraraq zərərçəkmişi xüsusi amansızlıqla qəsdən öldürüb.
 
İş üzrə dindirilmiş Sahil Məmmədov bildirib ki, ailəsi ilə Bakı şəhərinin Nizami rayonunda yaşayıb. 2002-ci ildə məhkum olunub, ümumilikdə 5 il 10 ay cəza çəkib:

Sahil Məmmədov

“Gözəllik salonunla işləyən Aynurə Əliyarova ilə üç il əvvəl tanış olmuşdum. Qadın iki oğlu ilə birlikdə mənimlə eyni binada yaşayırdı. Əri dünyasını dəyişmişdi. Aynurə ilə onun evində və ya oteldə görüşmüşük. Qadın bir ildən artıqdır ki, övladları ilə birlikdə Yeni Zığ Yaşayış Kompleksinə köçmüşdü. Kafedə ofisiant işləyirdim, Aynurə ilə görüşlərim davam edirdi. Ayda ona 200-300 manat pul verirdim, arabir evinə bazarlıq edirdim. Heç kimlə münasibəti olmadığını söyləsə də, qadının başqa şəxslərlə də görüşməsindən şübhələnmişdim. Aynurə isə bunu boynuna almayıb görüşdükləri kişilərin dostları olduğunu deyirdi. İyulun 1-də Aynurəyə mesaj yazaraq səhərisi gün evinə gələcəyimi bildirdim. Ayın 2-i saat 19 radələrində mənzilinin qapısını döysəm də, açan olmadı. Sevgilimin yatdığını düşünüb bir qədər gözlədikdən sonra həyətə düşdüm. Həyətdə 15-20 dəqiqə gəzişdikdən sonra, yenidən qalxıb qapını döydüm. Saat 21-ə kimi gözlədim. Dəfələrlə zəng vursam da, qadın cavab verməyərək, “Whatsapp”da mənə rayonda olması haqda mesaj yazdı. Dərhal Aynurəyə zəng vurduqda artıq nömrəsinə zəng çatmadı. Qadının oğlu Rizvana zəng vuranda, telefonu götürən Aynurənin anasına yalandan iş yerindən zəng etdiyini və qızının Yevlax rayonunda olub-olmadığını soruşdum. Qadın mənə Aynurənin rayonda olmadığını söylədi. Binanın həyətində onun gəlməyini gözlədim. Gecə yarısında Aynurənin ağ rəngli “KİA” markalı maşından düşdüyünü gördüm. Yaxınlaşıb avtomobili sürənin kim olduğunu soruşanda qadın müştərisinin saçını düzəltməkdən gəldiyini və gəldiyi maşının taksi olduğunu dedi. Niyə yalandan rayonda olmasını söylədiyini soruşanda Aynurə əsəbi olduğumu görüb qorxdu. Mənə sakitləşməyimi, evə qalxıb orada söhbət etməyimizi bildirdi.

Aynurə Əliyarova

Qadın evin açarını götürmək üçün mühafizəçinin yanına gedərək ondan kömək istəyib və polisə xəbər verməsini xahiş edib. Yaşca məndən böyük olan mühafizəçi yaxınlaşaraq, yaşayış binasının ərazisini tərk etməyimi tələb etdi. Buna görə taksi çağıraraq yaşadığım evə qayıtdım. Növbəti gün işə getmədim, saat 11 radələrində Aynurə mənə mesaj yazanda evdə olduğumu və 10-15 dəqiqədən sonra danışacağımızı bildirdim. Lakin Aynurə mənə artıq-əksik sözlər yazmağa başladı. “Whatsapp”da 3-4 nəfərlə evimə gəlib, mənim və arvadımın başına oyun açacağı haqda səsli mesaj göndərdi. Bu sözlərdən hiddətlənərək taksi ilə Zığ qəsəbəsinə yollandım. Yolda yazışaraq bir-birimizin ünvanına söyüşlər yazdıq. Yaşadığı binaya çatıb liftlə 4-cü mərtəbəyə qalxdım. Çox əsəbi idim, dəhlizdə olanda mənzildən Aynurənin kiminləsə telefonla danışdığını eşitdim. Bir qədər gözləyib qapını döydüm. Qapını açan kimi Aynurənin boğazından tutub itələdim. Aynurə yerə yıxıldı, dərhal içəri girib üzərimdəki qatlanan bıçağı çıxartdım və qadının bədəninin müxtəlif nahiyələrinə zərbələr endirməyə başladım. Əsasən, bədəninin yuxarı hissəsinə, döş qəfəsi və qarın nahiyəsinə xəsarətlər yetirdim. Yerdə olarkən Aynurə əli ilə mənə mane olmağa, bıçaq zərbələrindən yayınmağa çalışırdı. Aynurə qışqırıb kömək istəyirdi, giriş qapısı açıq idi. Aynurənin səsinə gələn qonşu qadının üstünə qışqırıb getməsini bildirdim. Bundan sonra liftə minib əlimdə bıçaqla aşağı düşdüm. Üst-başım qan içində idi. Həyətdən çıxıb yola tərəf getdim. Avtobus sürücüsü məni görsə də, nəqliyyat vasitəsini saxlamadı.

Tanımadığım şəxslər arxamca qışqırıb təslim olmağımı bildirdilər. Bir az hərəkət etdikdən sonra yanımda dayanan maşından düşən şəxslər özlərini polis əməkdaşları kimi təqdim edərək məndən bıçağı yerə atmağımı və ya onlara təhvil verməyimi tələb etdilər. Kəsici aləti polis əməkdaşına təhvil verdim. Əraziyə çağırılan Post Patrul Xidmətinin əməkdaşları məni bölməyə apardılar”.

Hadisə baş verən bina

Sahil Məmmədov əlavə edib ki, bıçağı bir neçə il əvvəl 8-ci kilometr bazarında mağazadan alıb, kəsici aləti hər zaman şalvarının arxa sağ cibində saxlayıb. Aynurəyə xatırlamadığı sayda zərbələr vurub. Oradan çıxıb, oğluna adam vurması barədə səsli mesaj göndərib.

Zərərçəkmiş şəxsin hüquqi varisi Mətanət Cavadova ifadəsində göstərib ki, hadisə günü tanımadığı şəxs ona zəng edərək Aynurənin bıçaqlandığını xəbər verib:

“Buna görə qohumlarımla rayondan xəstəxanaya gəldim. Bir neçə gündən sonra Aynurə dünyasını dəyişdi. Təqsirləndirilən şəxslə qızım arasında olan münasibətdən xəbərim olmayıb. Sahil Məmmədov əvvəl Aynurənin qonşusu idi. Qızım yeni binaya köçəndə həmin şəxs əşyalarının daşınmasına kömək edib. Əgər Aynurənin hər hansı bir şəxslə münasibəti olduğunu bilsəydim, çox normal qarşılayardım. Onun öz həyatını yaşamasını və yanında bir kişinin olmasını dəstəkləyərdim. Aynurə yaşadığı mənzili ipoteka vasitəsilə əldə etmişdi. Həmin vəsaitin 10 000 manatını mən, 5 000-ni isə qızım verib”.

Şahid qismində dindirilmiş Şeyda Həmidova bildirib ki, Yeni Zığ yaşayış kompleksi, mənzil 22-də yaşayır:

“Hadisə günü 4-cü mərtəbənin dəhlizindən qadının qışqırdığını eşidərək narahat olub mənzildən çıxdım. Aynurənin yaşadığı mənzilin qapısının açıq olduğunu gördüm. Yaxınlaşanda Sahil Məmmədovu qadının üzərində əlində bıçaqla gördüm. Təqsirləndirilən şəxs mənə “rədd ol buradan”, Aynurə isə “mənə kömək elə” dedi. Evin döşəməsində qan ləkələrini görərək qonşuları köməyə çağırdım. Təqsirləndirilən şəxsin əlində bıçaqla mənə tərəf gəldiyini görüb geri, pilləkənə tərəf çəkildim. Aynurə yaralı vəziyyətdə qalxaraq həmin şəxsin arxası ilə gəldi. Sahil Məmmədov liftə daxil olaraq aşağı düşdü. Aynurəni qucaqlayıb pilləkəndə oturdan zaman, o, artıq huşunu itirməyə başlamışdı”.

Şahid Teymur Teymurov bildirib ki, Aynurə Əliyarova ilə iyul ayının 1-də Xətai rayonunda fəaliyyət göstərən restoranda tanış olub:

“Həmin vaxt mən dostlarımla birlikdə Aynurə də yan masada öz rəfiqələri ilə oturub yeyib-içirdi. Xoşum gəldiyi üçün yaxınlaşaraq onunla tanış oldum. Söhbət zamanı Aynurə ərinin öldüyünü, iki oğlunun olduğunu və Zığ qəsəbəsində yaşadığını demişdi. Bir qədər söhbət etdikdən sonra onun telefon nömrəsini aldım. Növbəti gün mesaj yazsam da, qadın mənə cavab vermədi. Aynurə mənə restoranda “əlaqə saxlayıb görüşərik” söyləsə də, görüşə bilməmişik. Onu cəmi bir dəfə gördüyüm üçün həyat tərzi, kimlərlə münasibətinin olması barədə məlumatım yoxdur. Tanış olmaqda məqsədim yaxınlıq etmək olsa da, onunla intim əlaqədə olmamışıq”.

Şahid Elçin Şirəlizadə bildirib ki, yaşayış kompleksində mühafizəçi işləyib:

“Hadisədən bir gün əvvəl Aynurə mühafizə otağına girərək, yoldaşının onu döydüyünü dedi. Yanımda olan Nihat Nəsibli ilə birlikdə Sahil Məmmədovu sakitləşdirərək, taksi ilə yola saldıq. Qorxduğu üçün qadını binanın blokuna qədər apardıq. Aynurə Əliyarovanın həyat tərzi ilə bağlı mənfi heç nə deyə bilmirəm. Təqsirləndirilən şəxsi bir neçə dəfə kompleksə gəlib-gedərkən görmüşəm. Aynurənin təqsirləndirilən şəxsdən başqa digər kişilərlə münasibətdə olduğunu, kiminsə maşınından düşdüyünü görməmişəm”.

Şahid Fərid İsmayılov bildirib ki, Aynurə Əliyarova ilə 2022-ci ilin mart ayında “Əhmədli” metrostansiyasının yaxınlığında tanış olub:

“Tanış olduğumuz gün Aynurəni aparıb yaşadığı ünvanda düşürtdüm. 2-3 gündən sonra görüşüb yeyib-içəndən sonra onunla gecəni keçirdim. Bundan sonra ona bir neçə dəfə ismarıc yazsam da, qadın mənimlə görüşmədi”.

Şahid Tural Tağıyev Aynurə Əliyarova ilə 4 il əvvəl tanış olduğunu bildirib:

“Aynurə işlədiyim fabrikə mətbəx mebeli sifarişi üçün gəlmişdi. İlk vaxtlar yalnız işlə bağlı danışsaq da, yavaş-yavaş səmimi münasibətləri yaranmışdı. Qadınla müxtəlif yerlərdə cinsi əlaqədə olmuşuq. Axırıncı dəfə hadisədən 10 gün əvvəl görüşmüşük. Qadının oğlunu yaşadıqları Zığ qəsəbəsindən götürüb Yevlax rayonuna yola salmışam. Ciddi münasibətimiz olmadığından həyat tərzi barədə və kimlərlə görüşməsindən məlumatım olmayıb”.

Məhkəmə iclasında Sahil Məmmədov ittiham üzrə özünü təqsirli bilib. Zərərçəkmiş şəxsin hüquqi varisi bildirib ki, təqsirləndirilən şəxsin qızına maddi cəhətdən kömək etməsi onun canını almağa haqq qazandırmır. Aynurə öldükdən sonra onun iki uşağına o, baxır. O, Sahil Məmmədovu bağışlamadığını və ondan şikayətçi olduğunu bildirib.

Məhkəmə nəticəyə gəlib ki, Sahil Məmmədovun Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 157.2-ci (zor tətbiq etməklə, mənzildə yaşayanın iradəsi ziddinə mənzilə daxil olma) maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetirilib. 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Sahil Məmmədov 16 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir