Gəncə Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Nahid Qədirovun (şərti) cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az xəbər verir ki, hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə ona şərti cəza verilib. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri ilə əvəz edilib.
İttihama görə, hadisə 28 sentyabr 2022-ci il tarixdə, saat 23 radələrində Göygöl rayonu, Yeni Qızılca kəndinin inzibati ərazisində yerləşən Yeni Qızılca kənd tam orta məktəbin yaxınlığında qeydə alınıb. Belə ki, Nahid Qədirov tanışının idarə etdiyi “ZAZ Tavriya” markalı avtomobilində sərnişin qismində olduğu zaman həmin nəqliyyat vasitəsi digər şəxsin idarə etdiyi QAZ-3110 avtomobili ilə toqquşub. Həmin şəxslərin arasında qəzanın maddi xərclərinin bölüşdürülməsi səbəbindən mübahisə yaranıb.
Narazılığı aradan qaldırılması məqsədilə hadisə yerinə təqsirləndirilən şəxsin tanışı, zərərçəkmiş Samir Fətəliyev (şərti) gəlib. Mübahisə zamanı zərərçəkmiş şəxs onların ünvanına nalayiq söyüşlər söyüb. Daha sonra Nahid həmin gün saat 23 radələrində Yeni Qızılca kənd tam orta məktəbin yaxınlığında Samirlə görüş təyin edib. Görüş zaman onların arasında mübahisə baş verib. Nəticədə o, özü ilə götürdüyü bıçaqla Samirin sol bazu və qarın nahiyəsinə 3 dəfə qəsdən zərbə vuraraq, ona xəsarətlər yetirib.
www.102info.az