Bakıda Birləşmiş Ərəb Əmirliklərinə, Türkiyəyə və digər ölkələrə turlar təşkil etmək adı ilə vətəndaşları aldadan şirkət rəhbəri ilə bağlı məhkəmə qərar verib.
“Qaynarinfo”nun məlumatına görə, barəsində cinayət işi açılan şəxs “Ecotravel” və “Eco Product” MMC-nin rəhbəri Ruslan Əsədullayevdir.
Aparılan araşdırma zamanı məlum olub ki, Ruslan Əsədullayev xeyli sayda insanı BƏƏ-nin Dubay şəhərindəki “Sheraton Grand” hotelinə, Türkiyənin Alanya şəhərində yerləşən “Xafira Deluxe” hotelinə, Rusiyanın Sankt-Peterburq şəhərinə bilet və hotel xidmətini təşkil edəcəyinə dair yalan vəd verərək aldatmaqla külli miqdarda pullarını mənimsəyib.
Ruslan Əsədullayev müxtəlif insanların tur təşkil etmək adı ilə pulunu ələ keçirdikdən sonra şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən əldə etdiyi hotel bron edilməsi barədə saxta sənədi zərərçəkmişlərə təqdim etməklə dələduzluq edib. Təqsirləndirilən şəxs pul aldığı müştəriləri inandırmaq üçün Əhməd adlı şəxs tərəfindən saxta bilet və viza hazırlayıb, onun mail adresinə göndərməsini istəyib. Müştərilərin əksəriyyəti Heydər Əliyev Beynəlxalq Aeroportuna getdikdən sonra aldandıqlarını biliblər və DİN-in “102” xidməti zəng mərkəzinə şikayətlər ediblər.
Ruslan Əsədullayev iz itirmək üçün “Ecotravel” MMC-ni qohumu Cəmil Rövşən oğlu Alyarovun, “Eco Product” MMC-ni isə qardaşı oğlu Elçin Allahverdi oğlu Əsədullayevin adına təsis edib.
Ruslan Əsədullayevin cinayət işində ən böyük zərərçəkmiş şəxs ləğv edilən Əmlak Komitəsinin Nərimanov rayon şöbəsinin Asif adlı keçmiş vəzifəli şəxsi olub. Ruslan Əsədullayev ondan “Eco Product” MMC ilə şərikli iş qurmaq üçün 30 min manat alaraq mənimsəyib.
Məhkəmə işində Asif təqsirləndirilən şəxsdən deyil, Əmlak Komitəsinin Masallı rayon şöbəsinin keçmiş vəzifəli şəxsi, hazırda biznes fəaliyyəti ilə məşğul olan Mirəkbər Şükürovdan (soyad şərti) şikayətçi olub. O, Ruslan Əsədullayevi onunla Mirəkbər Şükürovun tanış etdiyini bildirib. Mirəkbər Şükürov Ruslan Əsədullayevi ona əmisi nəvəsi və işçisi kimi təqdim edib. Nəticədə pulları mənimsənilib. Mirəkbər Şükürovun rəhbəri olduğu şirkətin fəaliyyəti Belarus Respublikasından toyuq əti gətizdirib Azərbaycanda topdan satış yerlərinə satmaqdan ibarət olub.
Məhkəmənin qərarı ilə Ruslan Əsədullayev Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4 və 320.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib. Təqsirləndirilən şəxsə qəti olaraq 3 il 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunub.
www.102info.az