Bakı Apellyasiya Məhkəməsində Goranboyda içkili vəziyyətdə iki nəfəri vuraraq öldürməkdə təqsirləndirilən sürücü Abbas Abbasovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Əlizamin Abdullayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.
Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A.Abbasov 4 il sürücülük hüququndan mərhum edilməklə 8 il 6 ay həbs cəzasına məhkum olunub. İttihama görə, hadisə Bakı-Qazax yolunun Goranboy rayonunun Borsunlu kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, Goranboyda toydan sərxoş vəziyyətdə qayıdan Abbas Abbasov idarə etdiyi “Mercedes-Benz” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və yolun kənarında dayanan “Toyota” və “Mercedes-Benz” markalı minik maşınlarına çırpılıb.
Hadisə nəticəsində “Toyota”nın sürücüsü, 2000-ci il təvəllüdlü Ayxan İsgəndərov və “Mercedes-Benz”in sürücüsü, 1986-cı il təvəllüdlü Rəşad Hüseynov ölüblər. Həlak olan Ayxan İsgəndərov 44 günlük Vətən müharibəsi iştirakçısı olub.
www.102info.az