Çağırışçılara rüşvət qarşılığında hərbi xidmətə yararsız hesab edilmələri barədə saxta sənəd verməkdə ittiham olunan Sabunçu Tibb Mərkəzinin şöbə müdiri İlqar Qaracayevin məhkəmə istintaqı başlayıb.
“Qafqazinfo”nun məlumatına görə, Bakı Hərbi Məhkəməsində keçirilən iclasda ittiham aktı elan olunub.
İttihamda deyilir ki, İ. Qaracayev şöbə müdiri işlədiyi müddətdə hərbi xidmətə yararlı olan ayrı-ayrı çağırışçıların xidmətə yararsız hesab edilmələri barədə saxta tibbi rəylər verib. Həmin rəylərin qarşılığında onlardan 18 min manatdan artıq məbləğdə rüşvət alıb.
Barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş eks-şöbə müdiri ittihamları qəbul etməyib:
“Özümü təqsirli bilmirəm. Ona görə ki, mən heç kimdən rüşvət almamışam. Bir nəfər də deyə bilməz ki, mənə rüşvət verib”.
Prosesdə şahid qismində iki nəfər xəstəxana əməkdaşı ifadə verib. Onlar təqsirləndirilən şəxsin lehinə danışıb, ona pul çatdırmadıqlarını deyiblər.
Proses noyabrın 6-sı davam etdiriləcək.
Qeyd edək ki, İ.Qaracayev Baş Prokuror Yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb edilib. Ona qarşı Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən istifadə etmə), 311.3.2 (təkrar rüşvət alma), 313 (vəzifə saxtakarlığı) və digər maddələri ilə ittiham irəli sürülüb, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.
www.102info.az