12 il öncə boşandığı həyat yoldaşını, qayınanasını və övladlarını qumbara ilə partladıb öldürməyə cəhddə təqsirləndirilən İntizam Nəcəfovun cinayət işi üzrə növbəti məhkəməsi keçirilib.
“Report”un məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Leyla Məmmədova-Əsgərovanın sədrliyi ilə keçirilən prosesdə şahid Kənan Yusifov ifadə verib.
Onun sözlərinə görə, təqsirləndirilən şəxsi uzun müddətdir tanıyır:
“Mən özüm polis əməkdaşıyam və qonşuluqda yaşayıram. Gecə təxminən 2-3 radələri idi. Partlayış səsi gəldi. Təqsirləndirilən şəxsin qayınanası qışqıraraq dedi ki, İntizamın əlində qumbara var. İntizam birinci qumbaranı atandan sonra, ikinci qumbaranı da istifadə etmək istəyirdi. İzdihamı dağıtdım. Çalışdım ki, hadisə yerində xəsarət alan olmasın. Mən onunla psixoloji söhbət edərək sakitləşdirdim və qumbaranı əlindən almaq istədim. Çünki qumbaranı çəkmək üzrə idi”.
Məhkəmənin növbəti iclası dekabrın 11-nə təyin edilib.
Qeyd edək ki, hadisə ötən ilin avqustunda Pirşağı qəsəbəsindəki evlərdən birində baş verib.
Belə ki, 1983-cü il təvəllüdlü İntizam Nəcəfov ailəsi ondan imtina etdiyi üçün üzərində olan qumbaranı yaşayış ünvanında partladaraq həyat yoldaşı ilə görüş tələb edib. Partlayış səsinə qonşular gəliblər və dərhal polisə məlumat verilib. İntizam Nəcəfova ikinci qumbaranı partlatmağa imkan verilməyib, həmçinin onun keçmiş ailə üzvləri qapını açmayaraq evdə gizləniblər. Nəcəfovla Əhmədovanın birgə nikahından üç övladı var.
İntizam Nəcəfov şübhəli şəxs qismində saxlanılıb.
Ona qarşı Cinayət Məcəlləsinin 29, 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd), 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd) və 228-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanıb.
www.102info.az