Goranboy rayonunda 1977-ci il təvəllüdlü Müslüm ailə münaqişəsi zəminində həyat yoldaşı Leylanı (adlar şərti verilib – red.) öldürüb.
Teleqraf.com-un əldə etdiyi məlumata görə, hadisə ötən il martın 24-də baş verib.
Müslüm idarə etdiyi “Land Rover Discovery” markalı avtomobillə saat 13 radələrində rayonun Dəliməmmədli şəhərində musiqi məktəbinin yaxınlığında öldürmək niyyəti ilə 1 ildir faktiki ayrı yaşadığı arvadı Leylanı vurub. Daha sonra avtomobilində gəzdirdiyi mətbəx bıçağı ilə ona bir neçə xəsarət yetirib. Leyla xəstəxanaya aparılarkən yolda vəfat edib.
İstintaq orqanı tərəfindən Müslümün barəsində Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) maddələri ilə ittiham elan edilib.
“Buna etiraz edirdi”
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Müslüm elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.
O bildirib ki, 2003-cü ildə xalası qızı Leyla ilə ailə həyatı qurub: “Həmin evlilikdən 3 övladımız dünyaya gəldi. Evli olduğumuz müddətdə Leyla ilə ailədaxili söz-söhbətlərimiz olurdu. Qısqanclıq zəminində, yəni həm mən Leylanı, həm də Leyla məni qısqandığı üçün hərdən mübahisə edirdik.
Bundan başqa, mən bacılarıma maddi kömək etdiyim zaman Leyla buna etiraz edir, aramızda mübahisə yaranırdı. Amma 2019-cu ilə qədər aramızda ciddi bir münaqişə olmayıb”.
“Qaynımın arvadı ilə münasibətimdən şübhələndi”
Təqsirləndirilən şəxsin sözlərinə görə, 2017-ci ildə Leyla təkidlə işləmək istədiyini bildirib:
“Həmin vaxt mən və Leyla uşaqlarımızla birlikdə Yeni Yasamalda yaşayırdıq. Mən avtomobilimi satdım, yaşadığımız binanın altından Leyla üçün icarəyə yer götürdüm, şirniyyat sexi açdım. Leyla həmin sexi təxminən 1 il işlətdi, sonra bezib bağladı.
Leyla şirniyyat sexini işlətdiyi vaxtlarda mənim qaynım Əlinin arvadı Gülnarla münasibətim olmasını bəhanə gətirərək mübahisələr yaratmağa başladı. 28 may 2019-cu ildə sərxoş olduğum vaxt Leyla ilə həmin qısqanclığa görə mübahisə elədik. Leylanın mənə pis reaksiya verməsinə əsəbiləşdim və qayçı ilə onun bədənin müxtəlif nahiyələrindən 4-5 dəfə vurdum.
Həmin faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə 3 il müddətinə azadlıqdan məhrum edildim. Barəmdə Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olundu, təyin edilmiş cəza 2 il sınaq müddəti ilə əvəzləndi”.
“Mənə beh verdilər”
Müslüm qeyd edib ki, daha sonra Leyla ilə barışıb: “Bundan sonra Yeni Yasamaldakı evimi satdım və Abşeron rayonunun Masazır qəsəbəsindən fərdi yaşayış evi alaraq ailəmlə orada yaşamağa başladım. Yeni Yasamalda yaşadığım müddətdə, yəni 2019-cu ildə qayçı ilə vurduğum zamana qədər Leyla iki dəfə evdən gedib. Mən hər dəfə Leyla ilə barışıb onu evimə qaytarmışam.
Masazır qəsəbəsindəki evə köçdükdən bir müddət sonra günlərin birində baldızım Zəminənin oğlu Fərid mənə zəng elədi, şirniyyat sexləri üçün masa hazırlamağı xahiş etdi. Həmin gün Fəridgilin işlətdiyi şirniyyat sexinə getdim. Fərid və Zəminə mənə masanın formasını izah edərək beh verdilər”.
“Qorxaraq sakit oldu”
Müslümün sözlərinə görə, həmin gün axşam saatlarında evə qayıdıb: “Leyla yenə evdə mübahisə yaratdı. Zəminənin sexinə getdiyim üçün onunla münasibətim olduğunu iddia etməyə başladı.
Həmin gün qayınanam Gülgəz və digər baldızım Könülün qızı Gülşən də bizdə idilər, mübahisəyə şahid oldular. Mən çox əsəbiləşdim və evdən getdim. Goranboy rayonuna ata evinə yollandım.
Bir neçə gün rayonda qaldıqdan sonra yenidən Bakıya döndüm. Leyla yenə də evdə mübahisə yaratdı. Bu dəfə öz bacılarıma maddi kömək etməyimə görə deyinməyə başladı. O qədər danışdı ki, gülqabını götürərək divara çırpdım. Bundan sonra Leyla qorxaraq sakit oturmağa başladı”.
“Dedim ki, cəhənnəmə getsin”
Təqsirləndirilən şəxsin sözlərinə görə, bu hadisədən sonra təxminən 10 gün Leyla ilə bir-birilərini danışdırmayıblar: “On gün sonra axşam saatlarında işdə olduğum zaman ortancıl oğlum Vüsal mənə zəng edib, anasının evdən getdiyini bildirdi. Dedim, getdi, cəhənnəmə getsin.
Vüsal 2-3 gün evdə qaldıqdan sonra xalasıgilə getdi, oradan da anasının yanına yollandı. Bu hadisə 2021-ci ilin aprel aylarında baş vermişdi. Bundan sonra böyük oğlum Bəhruz yanıma sexə gəlib-gedirdi. Harada qaldıqlarını soruşsam da, cavab vermirdi.
Bir gün Bəhruzu izlədim və Bakıxanov qəsəbəsində binada qaldıqlarını öyrəndim. Binanın həyətində Bəhruzla rastlaşdım və ona dedim ki, get ananı və qardaşlarını götür qayıdın evə, bir daş altda, bir daş üstdə qalsın. Bəhruz da evə qayıdacaqlarını bildirdi”.
Təqsirləndirilən şəxs deyib ki, bundan sonra Bəhruz daha sexə gəlməyib: “Həmin binanın qabağına getdim və saatlarla gözlədim ki, bəlkə Leyla ilə və ya uşaqlarımla rastlaşaram. Heç kimlə rastlaşmayanda anladım ki, evi dəyişiblər. Leyla məni “WhatsApp”da bloka atmışdı. Amma “Instagram”da şəkillər paylaşır, mənə toxunan iynələyici paylaşımlar edirdi. Dəqiq xatırlamadığım tarixdə kiçik oğlum Valeh “WhatsApp”da mənə qısa səsli mesajlar atdı. Həmin səs yazısında “ata, sən şərəfsizsən, alçaqsan, sən qocalanda biz sənə yaxın gəlməyəcəyik”, deyə qeyd etmişdi”.
“Öldürəcəyimi demişəm”
Təqsirləndirilən şəxs bildirib ki, bir-iki dəfə qaynı Əlini götürərək işə aparmaq üçün baldızı Zəminənin şirniyyat sexinə gedib: “Həmin vaxtlar Leyla Zəminə ilə də danışmırdı. Mən Əlini götürməyə gedəndə Zəminə dedi ki, neynirsən Leylanı, başını burax getsin, yəqin pullu birini tapıb yaşayır, eşitdiyimə görə maşın almaq istəyir.
Zəminənin bu sözlərinə inanmaq istəmədim. Ancaq Leylanın yaşayış tərzi, yəni “Instagram” sosial şəbəkəsində gəzdiyi yerlərin şəklini paylaşması, “iPhone 12” markalı telefon işlətməsi, kürk geyinməsi, işləmədən kirayədə qalmasını düşündükdə bu qənaətə gəldim ki, kiminləsə münasibətdədir.
Leyla uşaqlarımı mənə qarşı öyrədir və mənə nalayiq sözlər dedizdirirdi. Bütün bu səbəblərdən Leylanı gördüyüm yerdə öldürmək qərarına gəldim. Qohumlarının yanında da onu öldürəcəyimi deyirdim”.
“Öğlumun mənimlə görüşmək istəmədiyini bildirdi”
Təqsirləndirilən şəxsin sözlərinə görə, 18 mart 2022-ci ildə qaynı Əli ilə Bakı şəhərindən Ağdaşa bacısıgilə qonaq gəlib: “Orada 1 gecə qaldıqdan sonra qaynım Əlini Ağdaş şəhərində onun bacısıgildə qoydum, özüm Goranboy rayonuna bacımgilə gəldim. 2 gecə də orada qaldıqdan sonra martın 21-də yenidən Ağdaş şəhərinə qayıtdım. Ağdaşda olduğum zaman baldızım Zəminə mənə zəng edərək Bakı şəhərinə nə vaxt gedəcəyimi soruşdu. İki-üç günə Bakıya qayıdacağımı bildirdim.
Zəminə oğlu Fəridi yanıma göndərəcəyini, onu da Bakı şəhərinə aparmağımı xahiş etdi. Həmin gün Fərid Dəliməmmədli şəhərindən Ağdaş şəhərinə gəldi. Martın 24-də mən və Fərid Bakı şəhərinə getməyə hazırlaşırdıq. Zəminə yenə mənə zəng etdi. Dəliməmmədli şəhərinə gəlməyimi və onun qızı Lamiyə ilə digər baldızımı da götürərək Bakı şəhərinə aparmağımı xahiş etdi. Mən də razılaşdım və Ağdaş şəhərindən qaynım Əli və baldızım oğlu Fəridlə birlikdə Dəliməmmədli şəhərinə getdik.
Yolda Fərid mənə uşaqlarımın da Dəliməmmədli şəhərində olduğunu bildirdi. Ona dedim ki, Zəminəyə zəng etsin, Lamiyəgili götürdüyüm zaman kiçik oğlumu qapının ağzında görüm.
Bir neçə dəqiqə sonra Zəminə zəng edərək oğlumun mənimlə görüşmək istəmədiyini bildirdi. Mən də əsəbiləşdim və oğlumla qayınanamın evində görüşəcəyimi bildirdim. Təxminən saat 13 radələrində Dəliməmmədli şəhərinə çatdım, dəmir yoluna aparan yola döndüm. Zəminə və Leylanın dəmiryoluna tərəf avtomobil yolu ilə getdiklərini gördüm. Avtomobili onların qarşısında saxladım.
Maşından düşüb Leylaya yaxınlaşmaq istədim ki, evdən getməsinin səbəbini, son 1 ildə harada yaşamasını soruşum. Qaynım Əli və baldızım oğlu Fəridə də avtomobildən düşdülər”.
“Əvvəl maşınla vurdum, sonra…”
Müslüm bildirib ki, Leyla onu görən kimi əsas avtomobil yoluna tərəf qaçmağa başlayıb və geri çevrilərək işarə barmağı ilə ona hədələyici jest göstərib: “Mən avtomobilimə oturdum və Leylanın ardınca sürdüm. Əsas avtomobil yoluna çıxdıqda ona çatdım. Avtomobilin ön sağ tərəfi ilə Leylanı vurdum. O, zərbənin təsirindən havaya qalxaraq avtomobilin ön şüşəsinə dəydi, yerə düşdü.
Maşın yolun əks tərəfinə gedərək səkinin yaxınlığında dayandı. Bıçağı götürərək aşağı düşdüm. Leylanın yerdə huşsuz vəziyyətdə uzanıqlı vəziyyətdə gördüm. Onun sol böyründən bıçaqla 3 zərbə vurdum.
Bu zaman Zəminə gəldi və qarğış etməyə başladı. Yoldan keçən tanımadığım avtomobilə əyləşdim və məni polisə aparmasını xahiş etdim. Dəliməmmədli şəhərinin içində post-patrul xidmətinin əməkdaşları ilə rastlaşdım. Polislərə yaxınlaşaraq törətdiyim hadisə barədə məlumat verdim və könüllü təslim oldum”.
“Əl qaldırmayacağını söz vermişdi”
İş üzrə zərərçəkmiş Leylanın hüquqi varisi qismində bacısı Zəminə tanınıb.
O bildirib ki, Leyla 2003-cü ildə xalası oğlu Müslümlə evlənib: “Leyla və Müslüm evlənmədən öncə bir-birlərini çox seviblər. Bu evlilikdən bacımın 3 uşağı dünyaya gəlib. Evləndikdən 10 il ərzində aralarında elə də ciddi söz-söhbət yaranmayıb. Lakin son illərdə ailələrində mübahisələr çoxalıb. Bu mübahisələrin səbəblərini mən tam dəqiq bilmirəm.
Müslümdən bu barədə soruşduqda Leylanın evdə əsassız yerə dava saldığını, qışqırdığını, onu əsəbiləşdirdiyini deyib. Bacımdan soruşduqda isə Müslümün başqa qadınlarla əlaqəsinin olduğunu, tez-tez içib evdə dava saldığını söyləyib.
Bu mübahisələrin birində Müslüm içkili vəziyyətdə bacıma yaşadıqları evdə 6 qayçı zərbəsi yetirdi. Bu hadisədən sonra həbs olundu. Lakin cəzaçəkmə müəssisəsində olduğu zaman Leyla ilə telefon danışıqlarına başladı. Onlar hər zaman bir-birilərini seviblər. Bu səbəbdən Leyla sağaldıqdan bir müddət sonra Müslümün barəsində verdiyi şikayəti geri çəkdi və onunla barışdı.
Müslüm Leylaya içkini tərgidəcəyini, bir daha Leylaya əl qaldırmayacağını söz vermişdi. Bundan sonra Müslüm həbsdən azad olundu”.
“Dedi ki, bala, bu, dəli olub, evi dağıdır”
Hüquqi varisin sözlərinə görə, Müslüm həbsdən çıxandan sonra Leyla və 3 uşağı ilə birlikdə yaşamağa davam edib: “Müslüm Yasamal rayonundakı evin düşərli olmadığını düşündüyü üçün satdı. Masazır qəsəbəsində yeni ev aldı və ailəsi ilə köçüb orada yaşadılar.
Masazır qəsəbəsindəki evə köçdükdən bir müddət sonra Müslüm və Leyla arasında yenidən eyni səbəblərdən mübahisələr baş verməyə başladı. Müslüm bir-iki dəfə Leylanı döydü. Bacım bu barədə mənə danışanda Leylanı öz evimə gətirdim. Bir neçə gün sonra isə Müslüm gələrək Leylanın könlünü aldı və geri apardı.
Ən son 2021-ci ilin yaz aylarında, dəqiq xatırlamadığım tarixdə işlətdiyim şirniyyat sexinə masa düzəltdirmək üçün Müslümü ora çağırdım. Müslüm sexə gələrək masanın ölçülərini götürdü və məndən beh aldı.
Axşam Müslüm zəng edərək bacım Leylanın onunla gizli münasibətimin olduğunu iddia edərək evdə dava saldığını bildirdi. Anama zəng etdim, nə baş verdiyini soruşdum. Anam Leylanı nəzərdə tutaraq dedi ki, bala, bu, dəli olub, evi dağıdır”.
“Mənimlə dərdləşirdi”
Zəminənin ifadəsinə görə, bu hadisədən sonra bacısı Leyladan küsüb və hadisə baş verən gündən, yəni 24 mart 2022-ci ildən bir neçə gün əvvələ qədər onunla danışmayıb:
“2021-ci il martın sonlarında Leyla Müslümlə yaşadıqları evdən çıxdı, Bakı şəhərinin Bakıxanov qəsəbəsində kirayədə yaşamağa başladı. Bundan əvvəl Leyla evdən qaçdığı zamanlarda Müslüm hər dəfə onun könlünü alıb və barışıb. Lakin bu dəfə Müslüm heç barışmağa cəhd etmədi.
2022-ci ilin əvvəlindən başlayaraq Müslümlə qohum kimi münasibətlərimiz irəlilədi. Müslüm oğlumu hərdən mətbəx mebeli quraşdırmağa aparıb, bir neçə dəfə evimdə qonaq olub, bir neçə dəfə də mənim iş yerimə gəlib.
Müslümlə görüşdükdə mənimlə dərdləşib, Leyla haqqında eşitdiklərini deyib. Bir dəfə mənə Leylanın “Instagram” sosial şəbəkəsindəki şəklini göstərdi və dedi ki, buna bax, sifətini də dolğu elətdirib. Həmişə evdən qaçanda sənin yanına gəlirdi, sən baxırdın ona, indi səninlə də danışmır, bu, hardan alır bu pulu, kirayədə qalır, gəzir, özünü kimin üçün gözəlləşdirir.
Mən də Müslümə demişəm ki, ay Müslüm, neynirsən, sən ayrı, o ayrı, boşa getsin, sən də başqası ilə evlən. Lakin Mehman “yox, Leylanı öldürəcəyəm” deyirdi. Bu müddət ərzində Leylanın harada yaşaması, nə işlə məşğul olması barədə heç bir məlumatım olmayıb”.
“Qoy ərim partlasın”
Zərərçəkmiş şəxsin hüquqi varisinin sözlərinə görə, 2022-ci il martın əvvəllərində anası Leylanı sexə kömək etmək üçün çağırıb: “Sexə gəldikdə gördüm ki, Leyla şəkərbura bişirir. Onu danışdırmadım. 8 Martda Leyla mənə gül aldı və evimə gəldi. Onu yenə danışdırmadım. İki-üç gün sonra yenidən bizə gəldi. Məni qucaqladı və bundan sonra Leyla ilə barışdım.
Leyladan hansı səbəbdən “Instagram” sosial şəbəkəsində şəkillər paylaşdığını soruşdum. Dedi ki, Müslümün acığına edirəm, orada-burada gəzirəm, şəkillər qoyuram, qoy partlasın. Novruz bayramı ərəfələrində mən və Leyla uşaqlarımızı anamla Dəliməmmədli şəhərinə göndərdik. Martın 21-də isə mən Leylayla Dəliməmmədliyə gəldik. Novruz bayramını qeyd etdik. Həmin vaxt yeznəm Müslüm qardaşım Əli ilə birlikdə Ağdaş şəhərinə gəlmişdi”.
“Get Bakıya, sizi orada görüşdürərəm”
Zəminə qeyd edib ki, martın 22-də Müslümə zəng edib və oğlu Fəridi də Bakı şəhərinə aparmasını xahiş edib:
“Müslüm razılaşdı, oğlumu onun yanına göndərdim. Martın 24-də qızım və böyük bacımın qızı da Bakı şəhərinə getməli olduqları üçün yenə Müslümə zəng etdim. Ondan qızları da Bakıya aparmasını xahiş etdim. Qızları kənddəki ərimin evinə göndərdim ki, Müslüm də onları oradan götürsün.
Müslümlə “WhatsApp”da danışdım və ona səs atdım. Səs atanda oğlu Valehin səsini eşitmişdi. Müslüm zəng etdi və dedi ki, Valehlə görüşməyə gəlir. Dedim ki, Valeh görüşmək istəmir, get Bakıya, orada sizi görüşdürərəm. Müslüm cavab verdi ki, yaxşı, onda gələsi olmadım. Onun məni aldatdığını, anamın evinə gələcəyini fikirləşdim. Leyla ilə evdən çıxdım. Birlikdə dəmiryolu istiqamətində piyada getdik. Bu zaman qəfildən Müslüm idarə etdiyi avtomobillə qabağımızı kəsdi. Oğlum Fərid də maşında idi”.
Zəminə qeyd edib ki, Leyla yolun əks-istiqamətində qaçmağa başlayıb: “Müslüm maşını yüksək sürətlə Leylaya tərəf sürdü. Mən də həmin istiqamətə qaçmağa başladım. Qəfildən bərk səs eşitdim. Müslümün Leylanı avtomobillə vurduğunu anladım. Qaçmağa davam etdim. Əsas avtomobil yoluna çatdıqda Leylanı yerdə huşsuz vəziyyətdə gördüm. Müslüm isə əlində bıçaqla Leylanın üstündən ayağa qalxdı.
Mən qışqırmağa başladım. Müslüm yoldan keçən tanımadığım avtomobilə əyləşərək getdi. Mən Leylaya yaxınlaşdım. Leylada həyat əlamətləri yox idi. Yoldan keçən maşını saxlatdırdım. Leylanı həmin avtomobilin arxa oturacaqlarına uzatdım, özüm də avtomobilə oturdum. Leylanı Gəncə şəhərində xəstəxanaya apardıq. Xəstəxanada həkimlər mənə artıq bacımın vəfat etdiyini bildirdilər”.
Bu cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb.
Məhkəmənin hökmü ilə Müslüm 17 il müddətinə azadlıqdan məhrum edilib.
www.102info.az