Ötən il Bakının Xəzər rayonunun Buzovna qəsəbəsində keçmiş qayınatası, qayınanası və qaynını qətlə yetirməkdə təqsirləndirilən Nofəl Səfərovun cinayət işi üzrə məhkəmə davam etdirilib.
“Report” xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə şahid qismində Vəfadar Muradov dindirilib.
O, hadisə günü evdə olduğunu bildirib:
“Tikintidə fəhlə kimi çalışıram. İşdən gəlmişdim ki, yorğunluğumu çıxarım. Birdən qapım döyüldü və zərərçəkmiş Elbrus Ağalarovu qan içində gördüm. Dedi ki, evimizə hücum ediblər. Onlara gedəndə mərhum Rahil Muradovu qan içində ölmüş vəziyyətdə gördüm. Mən də tez digər qonşulara xəbər verdim. Daha sonra “102” xidmətini yığdım. Rəhmətliklərlə münasibətim yaxşı olub. Onların Nofəllə problemlərinin olduğunu bilirdim”.
Məhkəmədə iş üzrə önəmli şahidlərin olduğu qeyd edilib və onların dindirilməsi vacibliyinə toxunulub. Buna görə onların məcburi qaydada prosesə gətirilməsi ilə bağlı qərar qəbul olunub.
Məhkəmənin növbəti iclası dekabrın 25-nə təyin edilib.
www.102info.az