Şahid: “Proses gedə-gedə bir nəfərdən də 50 min manat alıb” – Dələduzluğa görə tutulan şəxsin məhkəməsi

Kriminal


Tanınmış idmançı Kamil Zeynallı və başqalarına qarşı dələduzluq etməkdə təqsirləndirilən Emil Ağayevin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

APA xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmişlər – Şeyx İsmayılov və Eldar Tağıyev ifadə veriblər.

Zərərçəkmiş Şeyx İsmayılov ifadəsi zamanı ona 17 min manat zərər dəydiyini deyib:

“Bakıda evim vardı. Satdım ki, rayonda ev tikdirəm. Vaxtım çox yox idi. İnternetdə Emil Ağayevin şirkətini tapdım. Danışdım özü ilə, mənə dedi şirkətin direktoruyam. Mənə 31 min manatlıq ev tikməli idi. Əvvəl 15 min 500 manat verdim. Sonra qardaşı ilə görüşəndə 9 min 300 manat verdim. Evlə maraqlananda da gördüm sadəcə, təməl atılıb başqa iş görülməyib.

Zəng edəndə də hər dəfə bir şey bəhanə edirdi. Bir dəfə də Kamil Zeynallını bəhanə elədi. Bilmirəm, Kamil Zeynallı ilə mənim evimin nə əlaqəsi var”.

Digər zərərçəkmiş Eldar Tağıyev ən çox zərərin ona dəydiyini bildirib:

“2022-ci ildə Emilin şirkəti barədə sosial şəbəkədə gördüm. Qəbələnin Vəndam qəsəbəsində 12 sot torpağım vardı. Emillə görüşdük dedim ki, o həyətdə 3 ədəd ev tikilməlidir. Mənə ümumi rəqəm kimi 78 min manat dedi. 2022-ci ilin avqustunda xərclədiyim rəqəm artıq 122 min manat olmuşdu.

Mənim evimdə 34 min manatlıq iş görülüb. Araşdıranda öyrəndim ki, Emilin barəsində Sumqayıt Ağır Cinayətlər Məhkəməsində də proses gedir. Həmin məhkəmə gedə-gedə başqa birindən də 50 min manat alıb. Mənə dəymiş ziyan 80 min manatdır. 70 min manatımı qaytarsın, şikayəti geri götürüm”.

Proses dekabrın 18-də davam etdiriləcək.

Qeyd edək ki, ittihamda göstərilib ki, təqsirləndirilən şəxs Emil Ağayev Ceyhun Baloğlanovun 58 min manatını, idmançı Kamil Zeynallının etibarından sui-istifadə edərək onun 20 min manatını mənimsəyib. Təqsirləndirilən şəxs eyni üsulla Vasif Yusifova qarşı 53 min manat dələduzluq edib.

İş üzrə ümumilikdə E.Ağayev yeddi nəfərə qarşı 300 min manat dələduzluq edib. E.Ağayev zərərçəkmişlərə ev tikmək adı ilə söz versə də, sonradan yığılan məbləği mənimsəyib.

Emil Ağayev Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq – külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə təqsirləndirilir. Onun ev tikintisi ilə məşğul olduğu bildirilir. Təqsirləndirilən şəxs ümumilikdə 300 min manatdan çox pul vəsaitini dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunur.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir