Müğənni Elçin Kişiyevə qarşı (Elçin Zəka) quldurluq etməkdə təqsirləndirilən Hökumə Əşrəfzadə, onun bacısı Rəhimə Əşrəfzadə, Heydər Əkbərov və Zeynal Yusifovun cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilib.
“Report” xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə prokuror Rauf Malışov ittiham aktını elan edib.
İttiham aktında göstərilib ki, bu ilin 6 iyununda Bakı şəhərində Hökümə Əşrəfzadə və bacısı Rəhimə Əşrəfzadə, tanışları Heydər Əkbərov, Zeynal Yusifov qabaqcadan əlbir olaraq Elçin Kişiyevin evinə qanunsuz girməklə quldurluq etmək barədə razılaşıblar.
Belə ki, R.Əşrəfzadə Elçin Kişiyevlə əlaqə saxlayıb gecə saat 23-dən sonra onun evində görüşmək üçün razılaşıblar. O, Zeynal Yusifovun idarə etdiyi avtomobil ilə həmin ünvana gəlib aşkar olunamamq üçün girişdən aralıda dayanıblar. Rəhimə Əşrəfzadə avtomildən düşüb onu evdə gözləyən Elçin Kişiyevin yanına gedərək, orada bir müddət olub, ayaqyoluna getmək bəhanəsi ilə həyətə çıxaraq küçədə gözləyən qrupun digər üzvlərinə məlumat verib və evə qayıdandan bir neçə dəqiqə sonra Heydər Əkbərov, Zeynal Yusifov, onların ardınca Hökümə Əşrəfzadə evə daxil olublar. Zeynal Yusifov silah qismində istifadə etdiyi bıçağı tətbiq etməklə həyatı və sağlamlığı üçün təhlükəli zor tətbiq ediləcəyi ilə hədələyərək Elçin Kişiyevə hücum edib, bədəninin müxtəlif nahiyələrinə yumruqla zərbələr vurub.
Sonra Heydər Əkbərov və Zaur Zeynalov yıxıldığı yerdə yumruq və təpiklə Elçin Kişiyevi vurmaqda davam edərək Hökümə Əşrəfzadəni zorlamaqda ittiham edib və buna görə cəzalandırılacağını bildirib, onu kapron qaytanla qollarını arxasında bağlayaraq divana oturtmuş, bədəninin müxtəlif nahiyələrinə vurduqları zərbələrin təsiri və bıçaqla zor tətbiq ediləcəyi hədəsi altında sonuncunu Hökümə Əşrəfzadə ilə cinsi əlaqədə olduğunu etiraf edərək danışmağa məcbur edib Heydər Əkbərovun və Hökümə Əşrəfzadənin telefonları ilə danışıqların videoçəkilişini aparıb.
Daha sonra Elçin Kişiyevin evdə olan pulların və qiymətli əşyaların yerlərini soruşaraq, birgə hərəkətləri ilə ümumilikdə Elçin Kişiyevə 4 min 835 manat məbləğində ziyan vurmaqla quldurluq ediblər.
Daha sonra təqsirləndirilən şəxslər – H.Əkbərov və Z.Yusifov özlərini qismən, Rəhimə və Hökümə bacıları isə onlara qarşı elan edilən ittiham üzrə ümumiyyətlə təqsirli bilməyiblər.
Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Hökümə Əşrəfzadə zərərçəkmiş şəxs Elçin Kişiyevlə restoranda tanış olduğunu deyib:
“O, mənim atamın dayısı oğlu ilə dost olub. Mən ofisiant işləyirdim. Mənə dedi ki, sən bu işə layiq deyilsən və məni həmin restorandan çıxarıb başqa bir yerə işə düzəltdi. Mən onu əmi kimi bilmişəm. Günlərin bir günü özümü onun yatağında çılpaq vəziyyətdə gördüm. Məni kriminal avtoritet Nadir Səlifovla (Lotu Quli) qorxudurdu. Mən başıma gələnləri bacım Rəhiməyə danışmışdım. Günlərin birində Elçin Zəka mənim bacımı gecə yarısı evinə çağırdı. Evdə heç nə yox idi. Təqsirləndirilən şəxs Heydərdən evə yeyəcək bir şeylər alıb bizə gəlməsini xahiş etdim. Başıma gələnləri ona da danışdım. Və dedim ki, bacımı da çağırıb. Artıq Heydər də Elçin Zəkanın evinə getdi. Daha sonra mən o evə getdim və gördüm ki, Elçin Zəkanı Heydər döyüb. Mən orada bıçaq görmədim”.
Proses dekabrın 15-də davam etdiriləcək.
www.102info.az