Türkiyədə tanınmış fenomen cütlük Özlem Öz və Tayyar Öz haqqında Anadolu Respublika Baş Prokurorluğu tərəfindən 4 ayrı cinayət işi üzrə istintaq başladılıb.
Cütlüyə qarşı “Cinayət törətmək üçün təşkilat yaratmaq”, “Rəsmi sənədləri saxtalaşdırmaq”, “Mal varlığı dəyərlərinin qeyri-qanuni mənbəyini gizlətmək” və “Vergi Prosessual Qanununu pozmaq” maddələri üzrə iş qaldırılıb.
Özlem Öz izləyicilərindən gələn sualları cavablandırıb və məsələ barədə məlumatının olmadığını bildirib.
Xəbərdən sonra izləyicilərindən çox sayda mesaj alan Özlem Öz “Instagram” hesabında video paylaşıb və barələrindəki xəbərlərin kim tərəfindən hazırlandığını bilmədiyini deyib.
“Təxmini bir aya yaxındır ki, mənə xəbərləri göndərirsiniz. Haqqımızda müxtəlif xəbərlər yayılıb. Bunların reallığı, kimlər tərəfindən yayıldığı ilə bağlı heç bir məlumatım yoxdur. Tayyar bəy də onsuz da bu gün evdə deyil, “işim var” deyib çıxdı. Ona görə də məndən açıqlama istəməyin. Əsassız xəbərlərdir…
Əsaslı xəbərlər olduğu zaman vəkilim vasitəsilə sizə izahat verərəm. Özbaşıma açıqlama verə bilmərəm. Evimdəyəm, uşaqlarımın yanındayam”, – deyə fenomen qeyd edib.
Xatırladaq ki, Engin və Dilan Polat cütlüyünün həbsindən sonra dəbdəbəli həyatları ilə Tayyar və Özlem Öz cütlüyü də gündəmə gəlib. Cütlüyün Səhiyyə Nazirliyinin icazəsi olmadan məhsul satdıqları, FETÖ ilə əlaqələri olduğu və soyadlarını da dəyişdirdikləri iddia edilib.
İki həftə əvvəl açıqlama verən cütlük hüquqşünaslar tərəfindən lazımi məlumatların toplandığını nəzərə çatdırıb.
“İndiyə qədər soyad dəyişikliyi istisna olmaqla, bütün xəbərlər böhtan və qaralamadan ibarətdir. Xahiş edirəm, eşitdiyiniz heç bir şeyə inanmayın. İnşallah, ədalət öz yerini tapacaq”, – deyə Özlem Öz bildirib.
Mənbə: Haber Global
www.102info.az