Doqquz milyonun cəmi 160 mini qaytarılıb: “Azadlıqda olsam, tam ödəyərdim”

Kriminal


Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin Maliyyə Xidmətinin sabiq rəisi polkovnik-leytenant Rəşad Məlikzadənin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

“Qafqazinfo”nun məlumatına görə, Bakı Hərbi Məhkəməsində hakim Rafiq Abbasovun sədrliyi ilə keçirilən iclasda ilkin dinləmələr keçirilib.

Prokuror cinayət işinin materialları ilə yeni tanış olduğunu deyərək hazırlıq iclasının təxirə salınmasını xahiş edib.

Müttəhimin vəkili Vüqar Kazımov prosesin təxirə salınmasına etiraz etməyib, lakin seçilmiş qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsini istəyib. Vəkil vəsatətini onunla əsaslandırıb ki, müvəkkili dəymiş ziyanı qismən ödəyib, həmçinin xəstə övladı var. 

Təqsirləndirilən şəxs özü də həbs qərarının qaldırılaraq sərbəst mühakimə olunmasını xahiş edib:

“Üzərimə düşən ziyanın bir qismini ödəmişəm. Amma sizi əmin edirəm ki, azadlıqda olsaydım, tam ödəyə bilərdim”.

Məhkəmə prokurorun vəsatətini təmin, vəkilin vəsatətini rədd edib. 

Əldə etdiyimiz məlumata görə, R.Məlikzadə mənimsənilən 9 milyon 369 min manat vəsaitin 160 min manatını ödəyib. 

Qərara əsasən, R.Məlikzadənin həbsdə saxlama müddəti 10 gün uzadılıb. Hazırlıq iclası dekabrın 18-ə təyin edilib. 

Qeyd edək ki, 2022-ci ilin əvvəlində Dövlət Təhlükəsizliyi Xidməti Müdafiə Nazirliyində qanun pozuntuları ilə bağlı əməliyyat keçirib. İş üzrə cinayət məsuliyyətinə cəlb edilən zabitlərə qarşı Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan olunub.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir