Sevgilisinin külli miqdarda pulunu dələduzluqla ələ keçirməkdə təqsirli bilinərək bəraət alan Sevinc Bədəlovanın barəsindəki hökmdən kassasiya şikayəti verilib.
Pravda.az xəbər verir ki, şikayət Ali Məhkəmənin hakimi Tahir Kazımovun sədrliyi ilə araşdırılacaq.
Məhkəmənin ilkin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 9 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi qadına bəraət verib və o, məhkəmə zalından azadlığa buraxılıb.
Qeyd edək ki, S.Bədəlova sevgilisi, dövlət qurumlarından birində vəzifədə çalışan Aydın Məmmədovun (şərti) 434 min manat pulunu dələduzluqla ələ keçirməkdə təqsirləndirilib.
O, A.Məmmədova deyib ki, Latviyanın paytaxtı Riqada yaşayan qardaşı vəfat edib və ona külli miqdarda əmlak qalıb. O, həmin əmlakları adına keçirərək biznes qurmasına kömək etməsi məqsədilə 2016-19-cu illər ərzində A.Məmmədovdan 434 min manat pul alıb. A.Məmmədov dövlət qurumunda, S.Bədəlova isə onun evinin yaxınlığındakı gözəllik salonunda işləyirmiş.
S.Bədəlovaya qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə doqquz il müddətinə azadlıqdan məhrum edilib.
www.102info.az