Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən vətəndaşlarda qanunsuz olaraq saxlanılan odlu silah-sursatın aşkar edilməsi istiqamətində əməliyyat tədbiri keçirilib.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində üzərində odlu silah gəzdirən Şəki şəhər sakini, əvvəllər Rusiya Federasiyasında adam oğurluqları, eləcə də digər ağır cinayətlərə görə məhkum olunmuş 1984-cü il təvəllüdlü Ruslan Hacısəlimov saxlanılıb. Həmin şəxsin üzərinə baxış keçirilən zaman “Makarov” markalı tapança, həmin silaha məxsus beş ədəd patron və daraq aşkar edilərək götürülüb. Ekspertizanın rəyinə əsasən, Ruslan Hacısəlimovdan götürülən silah-sursatın atəşə tam yararlı olduğu müəyyən edilib.
Şöbə əməkdaşları tərəfindən keçirilmiş digər əməliyyat-istintaq tədbirləri nəticəsində isə Şəki şəhəri ərazisində silsilə oğurluqlar edən qardaşlar, əvvəllər də analoji cinayət əməlinə görə məhkum olunublar – Əli və Məhəmməd İsaqovlar saxlanılıblar. Onların mağazadan 1300 manat pul, qəbiristanlıqdan 800 manat dəyərində dəmir məhəccərlər, avtomobillərdən pul kisəsi və akkumulyatorları oğurladıqları müəyyən edilib. Araşdırma zamanı saxlanılan şəxslərin oğurladıqları dəmir məhəccərləri və akkumulyatorları satdıqları, əldə etdikləri pulu isə öz aralarında böldükləri məlum olub.
Faktlarla bağlı Şəki Şəhər Rayon Polis Şöbəsində cinayət işləri başlanılıb, saxlanılanların digər cinayətlərdə iştiraklarının olub-olmaması araşdırılır. Məhkəmənin də qərarı ilə hər üç şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, R.Hacısəlimovun dəstəsinin hay-küylü cinayətlərindən biri də 2013-cü ildə törədilib. Həmin vaxt dəstə Moskvada tanınmış azərbaycanlı iş adamlarından birinin övladını oğurlayaraq ailə üzvlərindən girovun qaytarılması üçün 700 min ABŞ dolları istəyib.
Rusiya hüquq-mühafizə orqanlarının əməkdaşlarının Moskva vilayətinin Naro-Fominsk rayonunun Aprelevka kəndində keçirdiyi əməliyyat zamanı cinayətkar dəstənin üç rəhbərindən biri – Rafiq Mirzəyev polisə silahlı müqavimət göstərdiyi üçün öldürülüb, dəstənin digər başçıları – Ruslan Hacısəlimov və Samir Abdullayev isə 10 il müddətinə həbs edilib.
www.102info.az