Beynəlxalq müqavilələrdən irəli gələn müddəalara uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşları Xalid Əliağa oğlu Əliyev, Raul Firudin oğlu Əliyevin Rusiya Federasiyasından, Anar İlqar oğlu Rəhimovun isə Gürcüstandan ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatətləri təmin edilib.
Bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.
Belə ki, Xalid Əliyev və Anar Rəhimov xeyli miqdarda ziyan vurmaqla, Raul Əliyev isə külli miqdarda ziyan vurmaqla törədilən dələduzluq cinayət əməllərini törətmələrinə əsaslı şübhələr müəyyən edildiyindən, təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarlar qəbul edilməklə barələrində beynəlxalq axtarış elan edilib.
Yanvarın 24-də qeyd olunan şəxslər Ədliyyə Nazirliyi Penitensiar Xidmətin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətiriliblər.
www.102info.az