Bakıda adam oğurluğunda təqsirli bilinən Aygün Abbasova, Elçin Quliyev, Vasif Allahverdiyev, Niyaməddin Kazımlı, Şaiq Hüseynov və Fəqan Eminoğlu və Fərəh Rəsulovanın barəsindəki hökmdən yenidən kassasiya şikayəti verilib.
Pravda.az xəbər verir ki, şikayət Ali Məhkəmənin hakimi Əziz Seyidovun sədrliyi ilə araşdırılacaq.
Məhkəmənin ilkin hazırlıq iclası yanvarın 31-nə təyin edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə aralarında dünya və Avropa çempionlarının olduğu dəstə üzvlərindən Elçin Quliyev 11 il, Vasif Allahverdiyev 10 il, Niyaməddin Kazımlı, Şaiq Hüseynov və Fəqan Eminoğlu 8 il 6 ay azadlıqdan məhrum edilib.
İdmançı Fərəh Rəsulovaya sınaq müddəti seçilməklə şərti cəza verilib. Adam oğurluğunun sifarişçisi olan Aygün Abbasova da 5 il həbs cəzası alıb. Lakin onun himayəsində azyaşlı uşaq olduğundan övladının 14 yaşı tamam olandan sonra məhkumluğu başlayacaq. Bakı Apellyasiya Məhkəməsi onların apellyasiya şikayətini təmin etməyib.
Qeyd edək ki, idmançılar Xətai rayon sakini Hüseyn Əsgərovu oğurlamaqda ittiham olunublar. Məhkəmə araşdırması zamanı məlum olub ki, onlar Aygün Abbasovanın sifarişini yerinə yetiriblər. Belə ki, H.Əsgərovun A.Abbasovaya 25 min manat borcu olub. Borcunu ala bilmədiyi üçün idmançı dəstəyə müraciət edərək pulunu geri alacaqları təqdirdə onlara 10 min manat verəcəyini vəd edib. Dəstə üzvləri Əsgərovu məcburi avtomobilə əyləşdirib Abbasovanın Pirşağı qəsəbəsindəki bağ evinə aparıblar. Orada Hüseyni döyüb 25 min əvəzinə 30 min manat ödəməsini tələb ediblər.
Daxili İşlər Nazirliyinin keçirdiyi əməliyyatla idmançı dəstə saxlanılıb və Hüseyn Əsgərov girov saxlandığı yerdən sağ-salamat azad olunub. Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 144-cü (adam oğurluğu) maddəsi ilə cinayət işi başlanıb.
Xatırladaq ki, ittiham olunan şəxslərdən Fərəh Rəsulova universal döyüş üzrə dünya və Avropa çempionudur. Niyaməddin Kazımlı klassik güləş üzrə dəfələrlə Azərbaycan çempionu olub. Fəqan Eminoğlu cüdo millimizin sabiq üzvüdür. O, 2009-cu ildə Ermənistanda bürünc medal qazanıb. Vasif Allahverdiyev də güləşçi olub. Qaçırılan Hüseyn Əsgərovun da peşəkar idmançı olduğu bildirilir.
www.102info.az