Gəncə Apellyasiya Məhkəməsində xüsusi amansızlıqla qəsdən sağlamlığa az ağır zərər vurmada təqsirləndirilən Zaman Əliyevin (şərti) barəsindəki hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti və apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az xəbər verir ki, hakim Əlizamin Abdullayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, həm protest, həm də şikayət təmin edilib, Tovuz Rayon Məhkəməsinin çıxardığı 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) hökmü dəyişdirilib və ona 2 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunub. Zaman Əliyevin barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilib və onun barəsində daha əvvəl Tovuz Rayon Məhkəməsinin qərarı ilə Tovuz Rayon Polis Bölməsində istintaq edilən Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə həbs qətimkan tədbiri seçilməsi və hazırda Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılması nəzərə alınıb.
İttihama görə, hadisə 26 fevral 2023-ci il tarixdə, saat 18 radələrində Tovuz rayonu Əyyublu kəndində qeydə alınıb.
Belə ki, Zaman Əliyev keçmiş qayınanası, zərərçəkmiş Sənəm Əkbərovanın (şərti) yaşadığı evin həyətində keçmiş həyat yoldaşının mobil telefon nömrəsini müəyyənləşdirmək məqsədilə həmin telefonu onun əlindən alıb. Bu zaman Sənəm Əkbərova ona müdaxilə edərək telefonu geri götürüb. Sonra Zamanla Sənəm arasında mübahisə yaranıb. Nəticədə o, qızının gözü qarşısında keçmiş qayınanasının sifət nahiyəsinə yumruqla ardıcıl zərbələr vuraraq, qadının burnunu sındırıb.
Hadisədən sonra Zaman Əliyev cinayət məsuliyyətinə cəlb edilib və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
www.102info.az