Tanınmış model olan sevgilisinə işgəncə verən iş adamı külli miqdarda pul da mənimsəyibmiş – DETALLAR

Kriminal


Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən “PKF Audit Azerbaijan” və “PKF Audit Consultinq” Məhdud Məsuliyyətli Cəmiyyətlərinin təsisçisi Ziya Hikmət oğlu Hüseyn Zadənin qanunsuz əməlləri barədə cinayət işinin ibtidai istintaqı tamamlanıb.

Bu barədə Baş Prokurorluq məlumat yayıb.

Bildirilib ki, istintaqla Ziya Hüseyn Zadənin 2022-2023-cü illər ərzində digər şirkət rəhbərləri ilə qabaqcadan əlbir olub onlara məxsus sahibkarlıq obyektlərinin fəaliyyətinin genişləndirilməsi təyinatı üzrə kredit verilməsinə dair Avropa Yenidənqurma və İnkişaf Bankına etdikləri müraciətlər üzrə maliyyə, bank hesabatları, gəlir və xərclərə dair çıxarışlar, ödəniş tapşırıqları, müqavilələr və saxtalaşdırmış olduqları digər rəsmi təsdiqedici sənədləri həmin banka təqdim etmələrinə, nəticədə bu şirkətlər tərəfindən külli miqdarda qanunsuz kredit vəsaitləri alınmasına əsaslı şübhələr müəyyən edilib.

Bundan başqa, Ziya Hüseyn Zadənin təkrarən, 2022-ci ildə təsisçisi olduğu şirkətin bank hesabında olan pul vəsaitini nağdlaşdırmaq məqsədilə saxtalaşdırdığı rəsmi sənədlərdən istifadə etməklə həmin MMC-nin direktorunun xəbəri olmadığı halda onun adından şirkətin depozit hesabından təsərrüfat xərci adı altında külli miqdarda pul vəsaitini məxaric etməsinə, habelə digər şəxsə münasibətdə Avropa Yenidənqurma və İnkişaf Bankı tərəfindən qrantın ayrılmayacağını bilməsinə baxmayaraq, guya bankın vəzifəli şəxsləri ilə qanunsuz sövdələşmə yolu ilə həmin məsələni həll etmək imkanı olmasını yalandan vəd edərək vətəndaşa məxsus külli miqdarda pul məbləğini ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Hüseyn Zadə Ziya Hikmət oğluna Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq), 195.2 (qanunsuz kredit alma külli miqdarda ziyan vurduqda), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 313 (vəzifə saxtakarlığı), 320.1 və 320.2-ci (rəsmi sənədi saxtalaşdırmaqla bilə-bilə istifadə etmə) maddələri ilə ittiham elan edilib və barəsində digər cinayət işi üzrə həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınıb.

Cinayət işi üzrə ittiham aktı ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təsdiq olunaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Qeyd edək ki, Ziya Hüseyn Zadə model Raziyyat (Razi) Əliyevanın sevgilisi olub. Onun Razi Əliyevaya qarşı zorakılıqda ittiham olunması ilə bağlı ayrı cinayət işinə hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.

İttihamdan göstərilib ki, 2022-ci ilin avqust ayında Ziya Hüseyn Zadə sevgi münasibətində olduğu Razi Əliyevanın ona xəyanət etdiyini müəyyənləşdirib. Buna görə həmin vaxt Razi Əliyevanın əllərini bağlayaraq, ona xəsarətlər yetirib.

Bundan başqa, Ziya Hüseyn Zadə həmin ilin dekabr ayında yenə də Razi Əliyevanın başqa kişilərlə münasibətdə olması barədə məlumat əldə edib. O, R.Əliyevanın yaşadığı Şərifzadə küçəsində yerləşən evinə gəlib. Özündə olan bıçağı Razi Əliyevaya nümayiş etdirib və onu öldürməklə hədələyib.

Həmçinin Ziya Hüseyn Zadə həmin ilin dekabr ayının müxtəlif günlərində R.Əliyevaya işgəncə verib.

Daha sonra Ziya Hüseyn Zadə birgə yaşadıqları dövrdə R.Əliyevaya bahalı hədiyyələr alması, birgə xarici səfərlərdə getməklə vəsait xərclənməsini bəhanə gətirib, ona aldığı 185 min manat dəyərində “Mercedes” markalı avtomobili hədə-qorxu yolu ilə geri tələb edib.

Ziya Hüseyn Zadə R.Əliyevanın anası Xadijat Əliyevanın Qaradağ rayondakı evində olduğunu müəyyənləşdirib. O, gecə yarısı həmin ünvana gedərək, R.Əliyeva və X.Əliyevanın ünvanına nalayiq ifadələr işlədib.

İstintaq sənədlərində qeyd olunub ki, 2023-cü ildə R.Əliyevaya məxsus avtomobili oğurlamaqla ona 94 min manat ziyan vurub.

Ziya Hüseyn Zadə Cinayət Məcəlləsinin 133 (əzab vermə), 177.3 (oğurluq – yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə), 182.3.2 (hədə-qorxu yolu ilə tələb etmə), 186 (əmlakı qəsdən məhv etmə və ya zədələmə), 221.1 (xuliqanlıq) və başqa maddələri ilə ittiham olunur.

Qeyd edək ki, Raziyyat Əliyeva 2017-ci ildə Azərbaycan gözəli seçilib.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir