Bu ilin yanvar ayı ərzində qanunsuz dövriyyədən götürülmüş 831 kiloqramdan çox narkotik vasitə və psixotrop maddələrin ümumilikdə dəyəri 22 milyon 476 min manat kimi qiymətləndirilir.
Bu barədə Oxu.Az-a Narkomanlığa və narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizənin nəticələri Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu məlumat verib.
Bildirilib ki, keçirilən kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 1098 cinayət faktı aşkarlanıb. Onlardan 316-sı narkotik vasitələrin qanunsuz satışı, 782-si narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması ilə bağlı olub.
Aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunmuş 831 kq 021,607 qr narkotik vasitələrin və psixotrop maddələrin 86 kq 213,9 qramını heroin, 681 kq 712,79 qramını marixuana, 16 kq 104,876 qramını tiryək, 22 kq 833,55 qramını həşiş, 23 kq 078,491 qramını psixotrop maddələr, 1 kq 078,255 qramını digər narkotik vasitələr təşkil edib. Həmçinin göstərilən dövr ərzində 690 ədəd həb metadon, 69,2 qram güclü təsir edən maddə qanunsuz dövriyyədən götürülüb.
Narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı hüquq mühafizə orqanları tərəfindən 29 fakt aşkar edilib, həmin faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 422 kq 862,838 qram və 690 ədəd həb metadon müxtəlif növ narkotik vasitələr və psixotrop maddələr çıxarılıb.
Ümumilikdə, aşkar edilmiş cinayətlərin 27-si qrup halında törədilmiş və həmin faktlar üzrə qanunsuz dövriyyədən çəkisi 187 kq 290,6 qram narkotik vasitə və psixotrop maddə müsadirə edilib.
109 cinayət faktı əvvəllər məhkum olunmuş şəxslər tərəfindən törədilmiş və onlardan 133 kq 013,1 qram müxtəlif növ narkotik vasitə və psixotrop maddə müsadirə edilib.
Təhlil göstərir ki, 2023-cü ilin yanvar ayı ilə müqayisədə 2024-cü ilin müvafiq dövrü ərzində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı hüquq mühafizə orqanları tərəfindən aşkar edilən narkotiklərin qanunsuz satış ilə bağlı faktların sayı 36, narkotik xassəli bitkilərin qanunsuz kultivasiya edilməsi ilə bağlı faktların sayı altı, digər növ cinayət faktlarının sayı səkkiz, qrup halında olan cinayətlərin sayı beş fakt, məsuliyyətə cəlb edilmiş şəxslərin sayı 170 nəfər azalıb.
Aşkar edilən ümumi faktların sayı 48 fakt, qaçaqmalçılıqla bağlı cinayətlərin sayı iki fakt, narkotiklərin satış məqsədi olmadan qanunsuz əldə edilib saxlanılması ilə əlaqədar faktların sayı 98 fakt, qanunsuz dövriyyədən çıxarılmış narkotik vasitələrin çəkisi isə 156 kq 261,318 qram artıb.
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin məlumatına əsasən hesabat dövründə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən bütün növ sərxoşluq hallarının müəyyənləşdirilməsi üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə 6847 nəfər istiqamətləndirilib. Onlardan narkotiklərdən istifadənin təyin edilməsi məqsədilə tibbi müayinədən keçirilmiş 162 nəfərdən 124 nəfərin istifadəçi olması müəyyən olunmuş və bununla bağlı zəruri tədbirlərin görülməsi təmin edilib.
Respublika QİÇS-lə (Qazanılmış İmmun Çatışmazlığı Sindromu) Mübarizə Mərkəzinin verdiyi məlumata əsasən ölkədə narkomanların İnsanın İmmun çatışmazlığı Virusuna yeni yoluxma hadisələrinin sayında azalma müşahidə olunur. Ötən bir ay ərzində İİV-ə 108 nəfər yoluxub. Onlardan 106 nəfəri Azərbaycan vətəndaşları, iki nəfəri isə əcnəbilər olub.
www.102info.az