Ali Məhkəmədə Şamaxı rayonunda qardaşını odlu silahla qətlə yetirməkdə təqsirləndirilən Azad Rəşidzadənin barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Tahir Kazımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, şikayət təmin edilməyib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Azad Rəşidzadə 18 il müddətinə azadlıqdan məhrum edilib. Sumqayıt Apellyasiya Məhkəməsi Azad Rəşidzadənin şikayətini təmin etməyib. İttiham aktına əsasən, Şamaxı rayon sakini, 1971-ci il təvəllüdlü Azad Əli oğlu Rəşidzadə ailə münaqişəsi zəminində ov tüfəngi ilə qardaşı, 1967-ci il təvəllüdlü Azər Əli oğlu Rəşidovu güllələyib. Nəticədə ağır xəsarətlər alan Azər Rəşidov hadisə yerində dünyasını dəyişib. Bundan başqa, hadisə zamanı Azad Rəşidzadə onun qarşısını kəsən öz həyat yoldaşı, 1982-ci il təvəllüdlü Möminə Əlişah qızı İbadovaya da atəş açıb. Güllə qadının qolunu yaralayıb. Daha sonra M.İbadova Şamaxı Rayon Mərkəzi Rayon Xəstəxanasının Cərrahiyyə Şöbəsinə yerləşdirilib. Hadisəni törədən A.Rəşidzadə isə polis əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.
O, Cinayət Məcəlləsinin 120.2.4-cü (qəsdən adamöldürmə, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adamöldürmə), 29, 120-ci (qəsdən adamöldürməyə cəhd) maddələri ilə ittiham olunub.
www.102info.az