Gənc oğlan xalası qızının sevgilisini bıçaqladı – TƏFƏRRÜAT

Kriminal


Bakının Xətai rayonunda 1992-ci il təvəllüdlü Cavid xalası qızı Səbirənin sevgilisi Familə (adlar şərti verilib – red.) xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, Cavid 7 aprel 2023-cü ildə, saat 23:00-da Xətai rayonu, Telnov küçəsində fəaliyyət göstərən restoranın 7 nömrəli otağında Famillə onun ailəli olan xalası qızı Səbirə arasında sevgi münasibətlərinin olmasından şübhələnib. 

O, Familin sifət nahiyəsinə bıçaqla, baş nahiyəsinə isə bıçağın arxa hissəsi ilə zərbələr vurub, ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. 

Hadisəni törədən Cavidin barəsində Cinayət Məcəlləsinin 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Cavid ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, cinayət hadisəsi onun evli olan xalası qızı Səbirəyə görə baş verib:

“Zərərçəkmiş şəxs Famil mənim xalam qızının qayınanasının iş yoldaşıdır. Famil xalam qızı Səbirəyə ərindən ayrılmağını, özünün də arvadından ayrılacağını bildirib, Səbirə ilə birlikdə ailə həyatı qurmağı təklif edib. Səbirə isə Familin bu təklifini rədd edib və mənə bu barədə məlumat verib. Mən Familin Səbirəyə bu cür təklif etdiyini öyrəndikdən sonra ona zəng etdim. Onu kafeyə görüşə çağırdım. Familə onun evli olmaqla, uşaqlarının olduğunu bildirdim. Ona xalam qızı Səbirəyə evlilik təklifi etməkdə məqsədinin nə olduğunu soruşdum. Famil isə öz arvadından boşandıqdan sonra Səbirə ilə evlənəcəyini dedi. Buna görə də əsəbiləşərək Famili bıçaqla vurdum. Çünki xalam qızı Səbirənin Famillə ailə həyatı qurmaq fikri olmayıb. Səbirəyə bu təklifi Famil edib”.

Məhkəmədə zərərçəkmiş qismində ifadə verən Familin sözlərinə görə, Səbirənin qayınanası Lətifə onunla birlikdə çörək sexində işləyib:

“Bəzi hallarda Səbirənin qayınanasının mobil telefonu üzərində olmadıqda, onun telefonu ilə öz gəlini Səbirə ilə mobil telefon vasitəsilə əlaqə saxlayıb. Lakin heç vaxt Səbirənin özü ilə danışmaq üçün onunla əlaqə saxlamamışam”. 

Zərərçəkmiş hadisə ilə əlaqədar bildirib ki, təqsirləndirilən Cavid onunla zəngləşib və görüşmək istəyib:

“Mən də Cavidlə görüşmək qərarına gəldim. Mənimlə Cavidin arasında yanlış anlaşılma olub. Ona görə də biz həmin yanlış anlaşılmanı aydınlaşdırmaq üçün görüşdük. Biz görüşdüyümüz zaman Cavid mənə guya Səbirəni istədiyimi, ona görə də Səbirəni həyat yoldaşından boşandıraraq evlənəciyim kimi fikirlərim olduğunu bildirdi. Lakin Cavidə belə bir məsələnin olmadığını izah etdim. Sadəcə olaraq həmin an hər ikimiz də əsəbi olduğumuzdan bir-birimizi başa düşə bilmədik. Nəticədə Cavid mənə bıçaqla xəsarət yetirdi”. 

Məhkəmədə zərərçəkmiş şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunub. Həmin ifadədən məlum olur ki, Cavidi təxminən iki ilə yaxındır tanıyır:

“Cavidin xalası qızının qayınanası onun əvvəllər işlədiyi Günəşli qəsəbəsində yerləşən restoranda işləyib. Mən həmin gəlini də dəfələrlə görmüşəm. Həmin gəlinin telefon nömrəsi də məndə olub. Çünki qayınanasının telefonu olmadığından öz gəlini ilə mənim telefonumla əlaqə saxlayıb. Cavidin xalası qızı ilə mənim aramda heç bir sevgi və məhəbbət kimi ülvi hisslər, yaxud həmin tipli söhbətlərimiz, yazışmalarımız olmayıb”. 

Zərərçəkmiş qeyd edib ki, 7 aprel 2023-cü ildə, axşam saat 20:00-da Cavid onun istifadəsində olan nömrəyə zəng edib və onunla Əhmədli qəsəbəsində yerləşən restoranda görüşmək istədiyini bildirib:

“Mən də Cavidlə razılaşdım. Sonra biz həmin gün saat 23:00-da restoranın 7 saylı kabinetində görüşdük. Görüş zamanı Cavid xalası qızı Səbirə ilə sevgi münasibətimdə olub-olmadığımı soruşdu. Mən Cavidə belə bir şeyin olmadığını dedim. Sonra Cavid mənə elə bir söhbət eşitdiyini bildirdi. Mən isə – “elə bir söhbət olsaydı, mən boşanardım və onunla evlənmək qərarı verərdim”, – dedim. Cavid məndən evli olub-olmadığımı soruşdu. Mən də evli olduğumu dedim. Daha sonra Cavid mənə kəlləsi ilə sifət nahiyəmə, daha sonra bıçaqla qarın və bədənimin digər nahiyələrinə vurdu. Bundan sonrasını xatırlamıram”.

Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Cavid 6 il müddətinə azadlıqdan məhrum edilib. 

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir